Sudanda toqquşmalarda ölənlərin sayı 528-ə çatıb

Sudan Səhiyyə Nazirliyi aprelin ortalarından bu yana ordu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında baş verən qarşıdurmalarda həyatını itirənlərin sayının 528-ə, yaralı sayının isə 4599-a yüksəldiyini açıqlayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, nazirlikdən verilən açıqlamada qarşıdurmalarda ölkənin 12 əyalətinin zərər çəkdiyi qeyd olunur.

Sudanda beşinci dəfə elan olunan atəşkəsin ikinci günündə tərəflər arasında qarşıdurma davam edib.

Paytaxtda Prezident Sarayı və Ordu Baş Komandanlığı ətrafında toqquşmalar şiddətləndiyi halda, cənub tərəfdə atəşkəs pozulur.

Xartumun bir çox məhəllələrindən qarşıdurma səsləri eşidilir.

Bu gün səhər saatlarında başlayan qarşıdurma axşam saatlarında da davam edib.