9 ayda 97 roman yazan süni intellekt

Bill Qeyts xəbərdarlıq edir ki, bu gedişat böyük şirkətlərin sonunu gətirə bilər 


  “Microsoft” şirkətinin yaradıcılarından biri olan Bill Qeyts süni intellektlə bağlı daha bir maraqlı açıqlama ilə çıxış edib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, süni intellekt texnologiyası  böyük şirkətləri sıradan çıxaracaq. Hətta “Google” və “Amazon” kimi dünya nəhəngləri də yaxasını qurtara bilməyəcək. Süni intellekt zaman-zaman onların da məvhinə səbəb olacaq. Süni intellektin bütün sahələrə müdaxiləsini təşkil edənlər bu savaşı qazanacaq. Bu, texnologiya istifadəçilərinin davranışlarını kökündən dəyişəcək. Kimsə daha “Google” axtarış sisteminə daxil olmayacaq. İstədiyi məlumatı  ona robotlar – süni zəka ötürəcək. Lakin B.Qeyts bildirib ki, rəqəmsal asistentin – yardımçının hər kəsin istifadəsinə açıq olması bir qədər zaman tələb edir. Bu zaman çərçivəsində şirkətlər ChatGPT-ə bənzər qeydləri şəxsi avadanlıqlarına köçürə bilər. B.Qeyts deyib ki, çox yaxşı mətnlər yaza bilən süni intellekt texnologiyası insanların işsiz qalmasına da səbəb ola bilər. B.Qeytsin proqnozları indidən özünü doğruldur artıq. ABŞ-də yaşayan elmi-fantastik yazar Tim Boucer məhz süni zəkanın köməyi ilə 1 ildən də az müddətdə - 9 ayda 97  kitab yazıb. Yazar bunun üçün aralarında ChatGPT texnologiyasının da olduğu süni intellektdən istifadə edib. Tim Boucer, cəmi 9 ayda kiçik həcmli 97 elmi-fantastik əsər yazmaq üçün “ağıllı texnologiya”ya müraciət edib. Yazar bu barədə “məqsədim elektron kitab tərtib etmək idi. Onlara “AI Lore kitabları” adı vermişəm. Bu, süni zəkanın insan yaradıcılığının potensialını artırdığının sübutudur”, - deyib.