Priqojin yoxdursa, “Vaqner” qüvvələri Ukrayna savaşında olmayacaq

Xəbərlər Pentaqonun iddiasını gücləndirir

  “Vaqner” özəl hərbi şirkətinin bölmələri Ukrayna ərazisində fəaliyyətini dayandırıb. Bunu Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib. Vurğulanıb ki, indiki mərhələdə “Vaqner” qüvvələrinin Ukraynada hərbi əməliyyatlara dəstək verməkdə əhəmiyyətli rol oynadığı görülmür. Həmçinin qeyd olunub ki, Rusiyanın Müdafiə Nazirliyi iyulun 12-də “Vaqner”çilərin Rusiyanın nizami silahlı qüvvələrinə silah təhvil verilməsini başa çatdırdığını açıqlayıb. Digər məlumata görə, Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və digər komandirlərlə görüşüb. Görüşdə Ukrayna cəbhəsindəki durum və iyunun 24-də baş vermiş hadisələr müzakirə olunub. Həmçinin, komandirlərdən izahat alınıb. Onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğulayıblar. Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb. Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

  Politoloq İlqar Vəlizadə də "Sherg.az"a bildirib ki, "Vaqner" hərbi şirkəti Ukraynanı tərk edib. Ekspert bildirib ki, bunu "vaqnerçi"lərin rəhbəri Y.Priqojinin bölgədə olmaması da sübuta yetirir: "Priqojinin cəbhədə şəxsən olmaması, "Vaqner" rəhbərliyində dəyişikliklə bağlı xəbərlər də Pentaqonun iddiasını gücləndirir. Həmçinin iyunun 24-də baş vermiş hadisələrdən sonra "Vaqner"in yenidən Ukrayna ilə müharibədə iştirakı məntiqsiz hesab olunur. Bir məqamı da diqqətə çatdıraq ki, "Vaqner" hərbi şirkətinin təmsilçiləri Ukraynadan başqa regionlarda da fəaliyyət göstərirlər. Böyük ehtimal, "vaqnerçi"ləri Ukraynadan uzağa, digər bölgələrə göndəriblər. Ola bilsin, Suriya və Afrika ölkələrinə yollanılıblar. Çünki həmin bölgələrdə də ciddi problemlər və hərbi heyətin çatışmazlığı mövcuddur".