Putin gücünü itirməkdədir

“Vaqner” muzdlu qruplaşmasının qiyam cəhdi Pekini qorxudub

“Vaqner” muzdlularının Prezident Vladimir Putinə qarşı qiyam cəhdi Pekində geniş müzakirələrə səbəb olub. Çinin hakim Kommunist Partiyasının daxilində hazırkı idarəetmə sisteminin davamlılığı barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, partiya rəhbərliyi Çin Xalq Azadlıq ordusunun bir sıra zabitinə general rütbəsi verərək ordu üzərindəki nəzarətini gücləndirib. Qeyd edək ki, Çin ordusunda mövcud olan komissarlar sistemi hərbçilər üzərində nəzarətin davamlılığını təmin edir. Generallardan kimsə ölkə rəhbərliyinə qarşı plan qurarsa, bundan ordu içindəki komissarlar dərhal xəbərdar olmalı və mümkün qiyamın qarşısını almaq üçün ölkə rəhbərliyini məlumatlandırmalıdırlar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Moskva Pekinin idarəetmə təcrübəsini öyrəndiyi kimi Pekin də Rusiyadakı son prosesləri tədqiq etməyə başlayıb. Ekspert diqqətə çatdırıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yevgeni Priqojinin qiyamı və iki şəhəri müqavimətsiz ələ keçirməsi, Rusiya Prezidenti Vladimir Putinin baş verənlərə reaksiyası Pekində ciddi tədqiq olunub:

"Qərb ölkələrində olduğu kimi, Pekində bu qənaətə gəliblər ki, Putin gücünü itirməkdədir. “Vaqner” muzdlu qruplaşmasının qiyam cəhdi Pekini qorxudub. Çünki Çin hakimiyyətindəki siyasi qrupların bir qismi Çin ordusunda da oxşar hadisələrin təkrarlana biləcəyindən ehtiyatlanırlar. Məsələn, bir qrup çinli general Çin Kommunist Partiyasının qərarlarından narazı qalarsa, bu, çinli hərbçiləri qiyama həvəsləndirə bilərmi? Komissarlar qiyamın qarşısını ala bilərlərmi? Əgər “Vaqner” muzdlularının Moskvaya yürüşü müsbət nəticə versəydi və Putin devrilsəydi, Pekində də təhlükəli vəziyyət yarana bilərdi. SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov yenidənqurmaya başladıqda Çində də təlatümlər oldu, çinli tələbələr 1989-cu ildə kütləvi etirazlara başladılar. Çin hakimiyyəti Pekinin mərkəzi meydanındakı mitinqi ordu vasitəsilə dağıtdı, minlərlə insan həlak oldu. Pekində hesab edirlər ki, qonşu Rusiyada yeni təlatümlər Çində də dağıdıcı proseslərə təkan verə bilər".