Balina sürüsü intihar edib: Yalnız birini xilas etmək mümkün olub

Şotlandiyanın Lyuis adasında özünü sahilə vuran 55 balina ölüb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dünən səhər balinaların sahilə çıxdığını görən vətəndaşlar vəziyyəti dərhal səlahiyyətlilərə xəbər veriblər.


Hadisə yerinə gələn qruplar onlarla balinanı dənizə qaytarmağa çalışıblar. Balinaları xilas etmək üçün saatlarla mübarizə aparan məmurların səyləri heç bir nəticə verməyib. Yalnız bir balinanın dənizə qaytarıldığı bildirilir.

İngilis dalğıclar və Dəniz Həyatını Xilasetmə Qrupu (BDMLR) tərəfindən verilən açıqlamada, sürüdəki hamilə pilot balinanın doğuş zamanı yaranan fəsad səbəbilə sahilə çıxdığı, sürünün qalan hissəsinin isə onunla birlikdə intihar etdiyi bildirilib. 
Şotlandiyanın Dəniz Heyvanlarının Yoxlanması Proqramı (SMASS) isə hadisənin səbəbini müəyyən etmək üçün yaxın günlərdə balinaların cəsədlərindən nümunələrin götürüləcəyini və araşdırılacağını açıqlayıb.

Turan