Günün mübarək, Ukrayna! Günün mübarək, Zelenski!


Bu gün Ukraynanın Müstəqillik Günü kimi qeyd olunur. 1991-ci il dekabrın 8-də Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar veriblər.
Beləliklə, Ukrayna müstəqil dövlət olub. O vaxtdan bəri hər il avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur.
Bu il Ukraynanın müstəqilliyinin 32-ci ildönümü tamam olur. 
Məlum olduğu kimi, ötən il fevralın 24-də etibarən Ukrayna sözün əsl mənasında ölüm-qalım mübarizəsi verir. Belə ki, 2022-ci il yanvar-fevral aylarında dünya mediasının müzakirə etdiyi əsas mövzu məhz Şərqi 

Avropada başlaya biləcək müharibə idi. Ukrayna NATO-ya üzvlüyə çalışırdı. Alyans da bu mövzu ilə bağlı müsbət açıqlamalar verirdi. Bu isə Rusiyanı narahat etməyə bilməzdi. Çünki Ukraynanın NATO-ya üzvlüyü Alyansın şərq istiqamətində genişlənməsi demək olardı. Rəsmi Moskva buna razı ola bilməzdi. 
 Mövcud NATO nizamnaməsinə əsasən ərazisində münaqişə ocağı olan ölkələr Alyansa üzv ola bilər. Bu isə o deməkdir ki, rəsmi Kiyev NATO-ya üzvlük üçün işğal altındakı Krım yarımadasını, həmçinin Donetsk və Luqansk vilayətlərini azad etməlidir. 
 2014-cü il fevralın 24-də müharibənin başlanmasının əsas səbəbi məhz bu oldu- Ukraynanın NATO-ya üzvlük məsələsi. Rəsmi Moskva bir neçə xəbərdarlıqdan sonra, nəhayət Ukraynaya hərbi müdaxiləyə başladı. 
 Müharibə ərəfəsində və döyüşlərin ilk günündə Rusiyanın bəzi rəsmiləri, o cümlədən Prezident Vladimir Putin bir neçə gün içində paytaxt Kiyevin ələ keçiriləcəyini deyirdilər. Amma, necə deyərlər, “evdəki hesab bazardakı qiymətə uyğun gəlmədi”. Daş qayaya rast gəldi...Elə bir qaya ki, Rusiya il yarımdır onu parçalaya bilmir. 
 Türkiyə savaş ərəfəsində belə bir ssenarinin qarşısını almağa çalışırdı. Bunun üçün səmimi səylər göstərilirdi. Həmin səylər müharibə dövründə də təkrarlandı. Məhz rəsmi Ankaranın vasitəçiliyi ilə “Taxıl sazişi” əldə olundu. Beləliklə, qlobal aclıq təhlükəsinin qarşısı alındı. Eyni zamanda Zaporojye Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyi təmin oldu, əsir mübadiləsi həyata keçirildi. Bütün bunlar dediyimiz kimi, məhz Türkiyənin səmimi səylərinin nəticəsi idi. 
 Əslində Türkiyə Ukraynadakı müharibənin başa çatması üçün səmimi səylər göstərən, bəlkə də, nadir ölkədir. Bu isə təsadüfi deyil. Birincisi, Ankaranın hər iki tərəflə normal əlaqələri var və Türkiyə bu münasibətlərin pozulmasını istəmir. İkincisi, Rusiya ilə bağlı Türkiyə və ABŞ-ın maraqları üst-üstə düşmür. Rusiya Türkiyənin mühüm partnyorudur. Ona görə də Ankara Moskvanın tam zəifləməsini istəmir. Üçüncüsü, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxşı başa düşür ki, Qərbin Şərqi Avropa ilə bağlı öz maraqları var: xüsusilə ABŞ Şərqi Avropada möhkəmlənmək istəyir. Bu isə Türkiyənin maraqlarına uyğun deyil. 
 Təəssüf ki, Türkiyənin savaşa müdaxilə imkanları getdikcə azalır. Proseslərin taleyi artıq xeyli dərəcədə ABŞ-dan asılıdır. ABŞ Ukraynanı silahlandırmaqla müharibənin davam etməsinə şərait yaradır. 
 Hərçənd Qərbin, xüsusilə ABŞ-ın mövqeyində də artıq sürüşkənlik hiss olunur. Bəzi ekspertlərin fikrincə, gələcəkdə Ağ Ev Ukraynanı yarı yolda qoyacaq. Əslində bu, tamamilə mümkündür. Bu cür ritorika ABŞ-ın xarici siyasət kursu üçün heç də yadda deyil. Rəsmi Vaşinqton indiyədək Gürcüstan, Misir, Suriyada da oxşar oyunlar oynayıb. Bu isə Qərbin proseslərə ancaq öz maraqları kontekstindən yanaşmasının bariz nümunəsidir. 
 İkinci bir tərəfdən, bəzi məqamlar onu deməyə əsas verir ki, Qərb Ukraynaya dəstək məsələsində, həqiqətən, tərəddüd edir. NATO nümayəndəsi Stian Yenssenin rəsmi Kiyevin Alyansa üzvlüyü qarşılığında torpaq güzəştinə getməsi təklifi, Abş-ın F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü məsələsini ləngitməsi, silah tədarükündəki simiclik və başqa məqamlar belə qənaətə gəlməyə əsas verir. 
 Bir müddətdən sonra ABŞ Ukraynaya dəstəyi azaltsa, yəqin ki, çoxumuz təəccüblənmərik...

 Amma bütün hallarda rəsmi Kiyev hələ ki, mübarizə aparır. Ukrayna Prezidenti Volodimir Zelenski, xarici işlər naziri Dmitro Kuleba, müdafiə naziri Oliksiy Reznikov və digər rəsmi şəxslər öz işlərini ən yüksək səviyyədə görməyə çalışırlar. Səfərlər, telefon danışıqları davam edir...Rəsmilər Qərb tərəfdaşlarını daha fəal dəstəyə çağırırlar. 
 Ukraynaya hər gün onlarla raket atılır. Hərbçilərlə yanaşı, hər gün onlarca mülki şəxs həlak olur, yaralanır. Binalar, mülki infrastukrurlar dağıdılır. Bu gün Ukrayna, demək olar, xarabalığa çevrilib. Təsadüfi deyil ki, ölkəni tərk edən vətəndaşların sayı da artmaqdadır. 
 Döyüşlərin Rusiya ərazisinə keçməsi hələ müharibənin nəticəsi ilə bağlı konkret bir söz deməyə imkan vermir. Doğrudur, bu, Ukraynanın uğurudur. Lakin Qərbin dəstəyi ilə əldə olunan nəticə olmaqla yanaşı, həm də ABŞ və müttəfiqlərinin yazdığı ssenaridir. 
...Ukrayna mübarizə aparır, ayaq üstə qalmağa çalışır...
 Prezident Volodimir Zelenski xarici KİV-ə müsahibələrində arada bir şəxsi həyatından. O, ailəsindən, uşaqlarından darıxdığını hər dəfə xüsusi nisgillə gedir. 
 Zelenskinin yaxın dostlarından bir dəfə onun haqqında demişdi: “Bu müddət ərzində Zelenski çox dəyişib. Üzü gülmür. Amma o, yumor hissini itirməyib. Bəzən danışanda zarafat edir və görürəm ki, o formadadır...”. 
Doğrudan da, Zelenski çox dəyişib. Üzünü qırışlar bürüyüb, qaşlarının düyünü, demək olar, açılmır. Sadəcə arada bir - xarici ölkələrin rəsmi şəxsləri ilə görüşəndə üzündə xəfif təbəssüm görünür. 
 Çoxlarına məlumdur ki, Zelenski siyasətə gəlməzdən əvvəl komediya ilə məşğul olub. Sırf buna görə bəziləri onu lağa qoymaqda davam edir. Amma Zelenski bu gün müstəqillik mübarizəsi verir. O, təkcə Ukrayna yox, bütün Avropa üçün savaşır. 
 Ukraynanın və Zelənskinin taleyinin necə olacağını kimsə bilmir. Bəlkə də, ölkə parçalanacaq, Zelenski acı aqibət yaşayacaq- döyüş meydanında tək qalaraq öldürüləcək, həbs ediləcək, ya da qaçmağa məcbur olacaq...Bilmirəm. Amma bundan əminəm: indi müstəqillik gününü qeyd etmək Zelənskinin halal haqqıdır.
Günün mübarək, Ukrayna. Günün mübarək, Zelenski!