Ermənistan-İran hərbi təlimləri regionun təhlükəsizliyini təhdid edir - İsrail nəşri

Errmənistan-İran birgə hərbi təlimləri regionun təhlükəsizliyini təhdid edir.

Trend xəbər verir ki, bu barədə İsrailin "Israel Defense" informasiya portalında dərc olunan materialda deyilir.

"İki ölkə arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb, birgə hərbi manevrlər həyata keçirilir. O cümlədən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın "Ermənistanın təhlükəsizliyi həm də İranın təhlükəsizliyidir" açıqlaması narahatlıq doğurur", - məqalədə deyilir.

Bundan başqa, müəlliflər İrandan Rusiyaya məhz Ermənistan vasitəsilə raket tədarükü hallarını, eləcə də, bu yaxında Hindistandan birbaşa İrəvana silah tədarükünü qeyd edirlər.

"Hindistan Ermənistana silah satır və İsraildə bu silahın iranlıların əlinə keçməsi, oradan isə ola bilsin ki, Suriyaya ötürülməsi ilə bağlı narahatlıq var", - məqalədə deyilir.

Məqalədə, eyni zamanda, Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə regionun xeyrinə əməkdaşlığın davam etdiyi vurğulanır. Məsələn, Azərbaycan İsrailə öz enerji resurslarını uğurla ixrac edir, ölkələr kibertəhlükəsizlik, biznes, ticarət, o cümlədən, mədəniyyət sahəsində əməkdaşlıq edir.