AZAL bacarmır -Ekspertdən sərt tənqid

Hava limanında əsl xaos yaşanır
 
Limanın və personalın potensialı bu qədər sıxlığa öyrəşməyib
 
“Narazılıqlar arxasında dayanan əsas amil quru sərhədlərinin bağlı olmasıdır”
 
 
 
 Əməkdar artist Əkbər Əlizadə hava limanında dava edib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Aktyor təyyarənin uçuşu gecikdiyi üçün etiraz edib. Aviaşirkət reysin gecikməsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərmədiyindən, sərnişinlər aeroportda gözləməyə məcbur edilib. Bu isə onların ciddi narazılığına səbəb olub.
 Aeroportda qalan aparıcı və digər sərnişinlər hava yolları şirkət narazılıqlarını bildiriblər ki, niyə bu qədər vaxt ərzində insanları sağdan- sola, soldan-sağa aparırlar: “Səbəbi nədir? Onu istəyirsiniz ki, mətbuata yayaq? Boğazımızdan kəsib, pul verib istirahətə gedirik. Burnumuzdan gətirdiniz”.

 İqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, problemlərə səbəb uçuş edən sərnişinlərin sayının çox olmasıdır:

“Düzü, mən hava limanında bu cür problemlərlə çox qarşılaşmamışam. Bu hadisə barəsində də xəbərsizəm. Zənnimcə, paytaxtdan uçuş edən sərnişinlərin sayı çox olduğuna görə  sıxlıq və gecikmələr müşahidə oluna bilər. Hava limanının və personalın potensialı isə bu qədər sıxlığa öyrəşməyib. Ona görə də  narazılıqlar yaranır. Onu deyə bilərəm ki, məsələnin arxasında dayanan əsas amil quru sərhədlərinin bağlı olmasıdır. Əgər qonşu ölkələrlə sərhədlərimiz açıq olsaydı, Gürcüstanda, Türkiyədə istirahət etmək istəyən insanların  əksəriyyəti quru yolu ilə gedəcəkdi. O zaman da hava limanında bu cür qarışıqlıq və narazılıq olmayacaqdı”.

Qeyd edək ki, 2020-ci ilin martından etibarən Azərbaycanın quru sərhədləri bağlıdır. Nazirlər Kabineti sonuncu dəfə 2024-cü ilin martında 1 oktyabr  2024-cü ilədək quru sərhədlərin bağlı qalması haqqında qərar qəbul edib.

 N.Cəfərli sərhədlərin bağlı qalmasının  sosial-iqtisadi fəsadları barəsində dəfələrlə  məsələ qaldırdığını deyib: 
“İllərdir deyirik ki, quru sərhədlərin uzun müddət bağlı qalması böyük sosial kütlələrə, onların həyat tərzinə, dolanışığına, mikro və kiçik biznesə, fərdi sahibkarlığa mənfi təsir göstərir. Quru sərhədləri açılmalıdır. Təhlükəsizlik məsələləri isə aidiyyəti dövlət qurumları tərəfindən çevik şəkildə idarə edilə və tənzimlənə bilər”.