Həkim-fizioterapevt: Kompüterlə işləyənlərin vay halına

Ürək xəstəliklərini 80 faiz artırır
 
Oturaq işdən ən çox maliyyəçilər və İT mütəxəssisləri əziyyət çəkir
 


 İndi demək olar ki, hər bir işləyən insan vaxtının çoxunu kompüterdə keçirir. Bununla belə, insanların oturaq işdən ən çox əziyyət çəkdiyi peşələr var.
Proktoloq Anastasiya Travnikova bu barədə “Gazeta.ru”ya danışıb.
O, oturaq işdən ən çox maliyyəçilərin və İT mütəxəssislərinin əziyyət çəkdiyini bildirib: “Onlar təxminən 95 faiz hallarda bütün iş vaxtlarını kompüterdə keçirirlər. Logistiklərin, marketinq və PR işçilərinin, eləcə də dövlət qulluqçularının isə işlərinin təxminən 80 faizi kompüterlə bağlıdır”. Mütəxəssisin sözlərinə görə, yuxarıda adları çəkilən peşələrin əksər nümayəndələri hətta nahar fasilələrini də ofis kreslosunda keçirirlər. Həkim xəbərdarlıq edib ki, oturaq həyat tərzi bir çox problemlərə səbəb ola bilər: “Belə hallarda ən çox piylənmə, çanaqda venoz qanın durğunluğu və nəticədə hemoroid inkişaf edir. Əgər işiniz əsasən oturaqdırsa, yenə də gün ərzində daha çox hərəkət etməyə çalışın. İstənilən fiziki fəaliyyət hemoroidin profilaktikası üçün faydalıdır - idman, məsələn, üzgüçülük (həftədə ən azı 2-3 dəfə yarım saat), təmiz havada gəzinti, yoqa, hətta iş arasında bir az isinmə hərəkətləri etmək buraya daxildir”. Travnikovanın sözlərinə görə, iş yerində hətta bir neçə dəqiqəlik orta dərəcədə fiziki fəaliyyət çanaq orqanlarında qanın durğunluğunun qarşısını almağa və sağlamlığı qorumağa kömək edəcək.

 Həkim-fizioterapevt Südabə Əliyeva da “Sherg.az”a açıqlamasında deyib ki, saatlarla kompüter qarşısında oturmaq və ondan uzun müddət istifadə etmək müxtəlif xəstəliklərə yol aça bilər. Onun sözlərinə görə, uzun müddət oturmaq ürək xəstəliklərini  də 50-80 faiz artırır:

 “Çağdaş dövrümüzdə rəqəmsal cihazlarla həddindən artıq vaxt keçiririk. Təbii ki, bu cihazlara uzun müddət vaxt sərf ediriksə və oturaq tərzdə, hərəkətsiz qalırıqsa, sağlam duruş sərgiləməli, arada fasilə verməli, idman hərəkətləri etməliyik. Bütün bunları etməsək, saatlarla önə əyilmiş vəziyyətdə qalsaq, təbii ki, nəticədə bunun mənfi təsirləri olacaq.Əzələlər hər zaman işlək, onurğa sütunundakı fəqərəarası disklərin hamısı elastik olmalıdır. Onurğa sütunu oturaq həyatı sevmir, hərəkətdə olmaq lazımdır. Kompüter arxasında oturan şəxslər onurğa sütununda olan sıxılmaların qarşısını almaq üçün hər 35-45 dəqiqədən bir gəzişməli və yaxud gimnastik hərəkətlər etməlidirlər. Kompüter arxasında oturarkən kresloda əyləşmək düzgün deyil. Çünki həmin kreslolarda əyləşən zaman iki döş fəqərəsi də önə əyilərək fəsadlar yaradır. Hətta bəzən pasiyent gələndə onun sağ və sol döş qəfəsində kresloların yeri görünür. Bu da əlbəttə ki, boyun yırtıqlarına, döş fəqərəsində olan yırtıqlara, ən əsası bel fəqərəsində olan fəqərəarası disk yırtıqlarına gətirib çıxarır. Ona görə kompüter stulunun söykənəcəyi düz olmalıdır”.

 Fizioterapevt iş zamanı normal vəziyyətdə oturmağın vacibliyinə toxunub: 
“İşləyərkən oturduğumuz stul hündür və ya masamız alçaq olarsa, istər-istəməz əyilmək məcburiyyətində qalacağıq və bu əyilmiş vəziyyətdə uzun müddət qalmaq belimizə uyğun gəlməyəcək. Uzunmüddətli iş üçün masamızı qaldıra bilərik, oturacağımızın rahatlığı belimizi yaxşılaşdırmağa kömək olacaq və onurğanın dik vəziyyətdə olmasını təmin etməklə bu vəziyyətdə işləmək müsbət təsir edəcək”.

 Həkim qeyd edib ki, kompüter qarşısında düzgün oturmamaq yalnız bel ağrılarına deyil, həm də gözlərə ciddi surətdə mənfi təsir göstərir:
“Peşəsi ilə əlaqədar olaraq uzun müddət kompüter qarşısında əyləşən şəxslər kompüterdən ən azı 70 sm aralıda əyləşməli və hər yarım saatdan bir 10 dəqiqə gözlərə fasilə verməlidirlər. Kompüterlə işləyən zaman gözlərin ağrımaması üçün otağın işıqlandırılması da önəmli faktorlardan biridir”.