"Demokratik" Fransadan hicab qadağası: Etirazlar olacaq!

Zaman-zaman bəzi Avropa ölkələrinin müsəlman cəmiyyətinə qarşı törətdikləri təxribatların şahid oluruq. Bəzən bu hörmətsizlik öz həddini o qədər aşır ki, onlar İslam dininin müqəddəs kitabına da əl uzadır, yandırırlar. 

Hətta ötən günlərdə KİV-də yayılan xəbərlərdə bildirildi ki, Fransa məktəblərində müsəlman geyimləri qadağan edilib. Daim demokratiyadan dəm vuran Qərbin insanları dini inancına görə sıxışdırması, qadağalar tətbiq etməsi iç üzlərini ifşa edir. 

Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, Fransa İslama və müsəlmanlara qarşı təzyiq göstərən Avropa ölkələri sırasında birinci yerdədir: 

“Bir neçə il əvvəl Peyğəmbərin karikaturasını da Fransada çəkmişdilər. Səlibçiliyə daha çox meylli olan Fransa rejimi bu addımları ilə aqressor kimi dünyada öz nüfuzunu itirir. Afrika ölkələrinin istismarına qarşı artıq qalxınmalar başlayıb. Çünki Fransa dünyada nasist Almaniyasının apardığı siyasətə yaxın bir yol izləyir”. 
T. İrfan həmçinin vurğulayıb ki, son zamanlarda müsəlman dünyasının liderliyini ələ almış Türkiyəyə qarşı Fransanın ədalətsiz mövqeyi məlumdur: 

“Müsəlmanlara qarşı haqsız qərarların qəbulunda bu da rol oynayır. Ancaq hicabın və dini dəyərlərin qadağan olunması ilk növbədə Fransanın və digər Avropa ölkələrinin hündür səslə dedikləri "demokratik dəyərlər, azadlıq, tolerantlıq" şüarlarına əksdir. Belə çıxır ki, demokratiya tələbi ancaq Şərq ölkələrini istismar etmək üçün Qərbin bəhanəsidir. Ancaq özündə demokratiya yoxdur. Kişinin kişi ilə evlənməsini təqdir edən Avropa qadının hicabına niyə qadağa qoyur? Bu qadağalar Avropada böyük etirazlara səbəb olacaq. Son zamanlarda Avropa ölkələrində müsəlmanların sayı artıb. İstər Qurani-Kərimin yandırılması, istər bu kimi qadağalar Avropa ölkələrinin müsəlmanlara, müsəlman ölkələrininə qarşı orta əsrlərdəki səlibçi təfəkküründən irəli gəlir. Ancaq bu yanlış siyasətdir. Dünyada çalxanma yarana bilər. Müsəlmanların kütləvi etiraz dalğası baş verə və müsəlman ölkələrinin təzyiqi ilə qarşılaşa bilər. Ona görə bu qərarı tamamilə yanlış hesab edirəm”.

Səbinə Elmanqızı