81 yaşlı senator yenə  kameralar qarşısında “dondu” - FOTO

ABŞ Senatında Respublikaçılar Partiyasının lideri, 81 yaşlı senator Mitch Makkonel mətbuat mənsublarının suallarını cavablandırarkən yenidən 30 saniyədən çox donub qalıb.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, qoca senator Kovinqton ştatında jurnalistlərin qarşısına çıxıb.

Bir müxbir ondan yenidən seçilmək üçün namizəd olub-olmayacağını soruşub. Makkonel 30 saniyədən çox sanki boşluğa baxaraq səssiz qalıb.

Bu zaman Makkonelin köməkçisi onun yanına gəlib, senatordan sualı eşitib-eşitmədiyini soruşub. Köməkçi jurnalistlərə “Bizə bir dəqiqə lazım olacaq” deyə vaxt istəyib.

Köməkçilərinin müdaxiləsindən sonra özünə gələn Makkonel bir neçə suala qısa cavablar verərək mətbuat konfransını tərk edib.

Senatda azlığın lideri, respublikaçı senator iyulun 26-da ABŞ Konqresində mətbuat konfransında əsas çıxışını edərkən də  təxminən 20 saniyə donub qalıb.


Yanındakı deputatlar bir müddət çaş-baş qalıblar və heç nə demədən kənara çəkilən Makkonel daha sonra yenidən jurnalistlərin qarşısına çıxıb və yaxşı olduğunu bildirib.

2007-ci ildən Senatda Respublikaçılar qrupunun lideri olan Makkonnel mart ayında Vaşinqtonda bir oteldə yıxıldıqdan sonra beyin sarsıntısı keçirmiş  və qabırğası sınmışdı. O, müalicəsinə görə bir müddət Senatda iştirak etməmişdi.
O zaman senatorun səhhəti mübahisələrə səbəb olmuşdu və onun vəzifəsindən istefa verməsi istənilmişdi.