Kruiz gəmisi Rusiya limanına gələcək


Son 10 ildə ilk kruiz gəmisi Rusiya Federasiyası Samara vilayətinin Sızran limanına girəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Dmitri Azarov bildirib.

D.Azarovun sözlərinə görə, federal büdcədən 485 milyon rubl məbləğində vəsait Samara vilayətində turizmin inkişafına ayrılıb. Bu investisiyalar çərçivəsində kruiz gəmilərinin sahilə yan alması üçün Volqa çayının Sızran sahilləri yaxınlığındakı məcrasının təmizlənməsi üzrə işlər aparılıb. Dmitri Azarovun sözlərinə görə, son 10 il ərzində bu ilk dəfədir ki, kruiz gəmisi Sızran sahillərinə yan ala bilib, bu da şəhərin görünüşünü yaxşılaşdıracaq və onu turistlər üçün daha cəlbedici edəcək.

Samara vilayəti yüksək tranzit potensialına malikdir, “Şimal-Cənub”, “Qərb-Şərq” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat növləri üzrə yük daşımalarının ümumi həcmi təqribən 100 milyon ton təşkil edir. Vilayət Volqayanı Federal Dairəsinin yeganə bölgəsidir ki, burada Volqa-Don və Ağ dəniz-Baltik gəmiçilik kanallarına çıxışı olan “çay-dəniz” sinfindən olan gəmilər üçün üç çay limanı mövcuddur. Region Qazaxıstanla həmsərhəddir, Xəzər hövzəsi ölkələri ilə və İran, Azərbaycan və Türkiyə vasitəsilə isə Fars körfəzinin digər dövlətləri ilə nəqliyyat əlaqəsi var.