Lavrov: Putin və Ərdoğan tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcək

Yaxın vaxtlarda Putin və Ərdoğanın iştirakı ilə növbəti qeyri-rəsmi sammit keçiriləcək, prezidentlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov Türkiyənin xarici işlər naziri ilə Ukrayna ətrafındakı vəziyyəti ətraflı müzakirə etdiyini, Zelenski Formulunun təbliğinin mümkünsüzlüyünü qarşı tərəfə izah etdiyini deyib.

Rusiyanın Türkiyə tərəfinin taxıl sazişini bərpa etmək üçün Qərbin nə etməli olduğunu diqqətə çatdırdığını söyləyən Lavrov, Fidanla 1 milyon ton Rusiya taxılının Türkiyəyə güzəştli qiymətlə tədarükünü müzakirə etdiyini də açıqlayıb.

O, Qətərin Rusiya taxılının Türkiyəyə tədarükünün maliyyə dəstəyində iştirak etməyə hazır olduğunu da qeyd edib.

Lavrov əlavə edib ki, BMT Baş katibi Antonio Quterreş Yohannesburqda keçirilən görüşdə taxıl sazişi ilə bağlı yeni təkliflərindən danışıb. Onun sözlərinə görə, Quterreşin mesajında ​​təminatlar olmayıb.

"Qərb Rusiya Federasiyasının taxıl sazişi ilə bağlı şərtlərinə konstruktiv yanaşmaq istəmir, yalnız vədlər verilir", deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov onu bildirib ki, hazırda dünyada ərzaq böhranı, eləcə də ərzaq qiymətlərində sıçrayış yoxdur:

"Rusiya prezidenti təminat verib ki, Rusiya Federasiyası taxıl sazişi çərçivəsində Ukraynadan ən yoxsul ölkələrə göndərilən taxılın bir hissəsini tam kompensasiya edəcək".