Şarl Mişel Rusiyanın Afrikaya 1 milyon ton taxıl ianəsi barədə dediklərini utanmazlıq adlandırıb

"Biz tam məsuliyyətsiz şəkildə müharibələrə başlayanlara qarşı mübarizə aparmalıyıq. Bu, Avropa qitəsinin təhlükəsizliyi ilə yanaşı kənara da təsir edir. Bunun bütün dünyaya təsiri var. Bu, enerjiyə, inflyasiyaya təsir edir və enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti pisləşdirir".

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Hindistanda keçirilən G20 sammitinin açılış sessiyasında çıxışında deyib.

"Mən BMT Baş katibi Antonio Quterreşin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Qara dəniz vasitəsilə ərzaq məhsullarının tranziti və ixracı üçün sazişin imzalanması istiqamətində nümunəvi səfərbərliyini vurğulamaq istərdim. Və rüsvaçılıq odur ki, cənab Rusiya nümayəndəsi, siz bunu qəbul etmədiniz, siz nəinki Qara dənizlə bağlı bu sazişdən çıxmaq qərarına gəldiniz, eyni zamanda, liman infrastrukturlarına da hücum edirsiniz. Qara dənizə, hətta Dunay çayına çıxışı təmin edən limanları bağlayırsınız. Və həqarət olaraq Rusiya səxavətli davranmaq parodiyası ilə Afrika ölkələrinə 1 milyon ton taxıl təklif edir. Qara dəniz sazişinin indiyədək əsasən ən həssas ölkələrə 30 milyon tondan çox ixracat təmin etdiyini bildiyimiz halda, Afrika ölkələrinə qarşı bu necə bir utanmazlıq və hörmətsizlikdir. Eyni zamanda Aİ tərəfindən hazırlanmış alternativ marşrutlar artıq 40 milyon ton taxıl ixrac etməyə imkan verib.

Təklif edilən 1 milyon ton - sanki hədiyyə idi. Bu, tamamilə dəhşətli sinizmdir. Digər tərəfdən, həssas əhalinin köməyinə gəlmək üçün həqiqətən mübarizə aparanlar var. Siz anlayırsınız ki, biz niyə BMT Nizamnaməsini və Prezident Zelenskinin təklif etdiyi ədalətli sülhü qətiyyətlə dəstəkləyirik", - Mişel çıxışında vurğulayıb.