“Dördayaqlı” ailənin SİRRİ


Uzun illərdir elm adamlarını heyrətləndirməkdə davam edirlər

  Türkiyənin Hatay bölgəsində yaşayan Ulaş ailəsinin dördayaqlılar kimi hərəkət etməsi elm adamlarını düşündürür. Ailənin genetik kodları da araşdırılıb. Lakin əsaslı bir nəticəyə gəlinməyib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən uzun illərdir elm adamlarını heyrətləndirməkdə davam edən Ulaş ailəsi haqqında oxucuları məlumatlandırır. 


Bu ailə dördayaqlılar kimi hərəkət etməklə illərdir dünyada bənzəri, oxşarı olmayan  duruma imza atır. Ailə üzvləri niyə dörayaqlılar kimi gəzir? Durumu professor doktor Korkut Ulucan izah etməyə çalışıb. Professor bildirib ki, Ulaş ailəsi haqqında ilk dəfə 2006-cı ildə yayımlanmış elmi məqalədə bəhs edilib. Həmin vaxtdan etibarən ailə getdikcə məşhurlaşmağa başlayıb, dünya bu qeyri-adi durumdan xəbərdar olub. 

ABŞ, İngiltərə, Avstraliya mediası onlardan yazıb. Ailədə 18 övlad böyüyür. 18 uşaqdan 4 qız və 2 oğlan “dördayaqlı”  gəzirlər. 17 il əvvəl BBC-də yayımlanan “4 ayaq üzərində gəzən ailə” adlı sənədli filmdə Ulaş ailəsi haqqında “insan və meymun arasındakı qırılmış halqa” ifadəsinə yer verilib. Lakin bu ifadə ingilis nevropsixoloq Nikolas Hamfrey başda olmaqla bir çox elm adamını qəzəbləndirib. Zaman keçdikcə ailə ilə bağlı alimlər araşdırmaya başlayıb. Nevropsixoloq Hamfrey və  bir neçə alimə görə “ayı yerişi” adlanan dördayaqlı hərəkətə səbəb valideynlər arasındakı qan qohumluğu ola bilər. Valideynlərin qan qohumluğu səbəbindən uşaqlarda genetik pozuntular ortaya çıxa bilir. Molekulyar biologiya və genetika üzrə mütəxəssis, professor Korkut Ulucan isə bildirib ki, Ulaş ailəsiylə bağlı elmdə müxtəlif mülahizələr irəli sürülür. Elm aləmində bununla bağlı fərqli mülahizələr mövcuddur. Əgər hər hansı bir ailədə körpənin 9-cu ayından sonra ayaq üstə durmasına cəhd edilməsə, körpəyə bu məsələdə kömək göstərilməsə, uşaq ayaq üstə durmağa, addım atmağa təşviq edilməsə, həvəsləndirilməsə, bir çox insan dördayaqlı hərəkət edər. İməkləyən körpələr ayaq üstə durmağa və addım atamağa təşviq edilməlidir. Professor qeyd edib ki, Ulaş ailəsi “dördayaqlı”ların yeganə nümunəsi deyil. Dünyada bir neçə belə ailə var. 2006-cı ildə BBC-də yayımlanan sənədli filmdə bu durum “Tərs dünya” adlandırılıb. Professor məlum vəziyyətlə bağlı dəqiq fikir bildirməyin çətin olduğunu  vurğulayıb: “Ailə əzəlindən bu sindroma malikdir, yoxsa bu onlara başqa bir sindrom və ya genetik anormallıq nəticəsində keçib, söyləmək çətindir. Ailənin bəzi üzvləri iki ayaq üzərində normal şəkildə dayanır, sadəcə, gəzərkən çətinlik çəkir və ovuclarını yerə basırlar, bəziləri isə iki ayaq üzərində dik dura bilmirlər. Məncə bu, beyin və xüsusən beyinciyin inkişafındakı problemlərlə bağlıdır. Bu, serebral iflicin başqa bir forması da ola bilər. Hər halda bu durum ciddi və hərtərəfli tədqiqat predmetidir. Professor bildirib ki, daha 7 belə ailə mövcuddur.