65 yaşlı tələbə!

47 il sonra universitetə daxil oldu

Türkiyənin Kırşəhər bölgəsində yaşayan Hülya Coşkuntuna 65 yaşında ali məktəblərə qəbul imtahanında iştirak edib və universitet tələbəsi adını qazanıb. 47 il əvvəl lisey məzunu olan Hülyanın bu əzmkarlığı indi dillərdə dastandır. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Hülya Coşkuntuna liseyi bitirdikdən sonra ailə qurub və ancaq övladlarını böyütməklə, ev işləriylə məşğul olub. Anlaşılan, evdar qadın olub.  Amma qadın bu illər ərzində ali təhsil almaq arzusundan vaz keçməyib. Bir gün xəyalını gerçəkləşdirəcəyi ümidiylə yaşayıb.

 Nəhayət, 65 yaşlı qadın gənclik xəyalını reallaşdırmaq qərarına gəlib. Əvvəlcə  Kırşəhər Ahi Evran Universitetinin Ədəbiyyat fakültəsində kurslara yazılıb. Burada aldığı dərslər qəbul imtahanlarında qazanacağı uğuru təmin edib. Qəbul imtahanlarında iştirak edən Hülya Coşkuntuna tələbə adını qazanıb. “Yaşım neçə olursa-olsun, öyrənməkdən heç vaxt əl çəkmədim. Övladlarımı oxutdum, ali təhsilli oldular. İndi də mənim zamanımdır, deyərək təhsil almağa qərar verdim”, - deyən H.Coşkuntuna ali məktəbə daxil olmasında qızının da təsiri olduğunu, qızının onu ruhlandırdığını söyləyib. H.Coşkuntuna tələbəlik həyatını da anladıb:  “Burada hamı gəncdir. Mən onların anası yaşındayam. Amma ilk gündən çəkinmədim və onlara dedim  ki, biz tələbə yoldaşlarıq artıq. Bundan sonra bir yerdə olacağıq. “Günaydın” deməyi əsirgəməyin”.