Rus bloger mənasız ehtimal irəli sürüb
Ermənistan tam Rusiyadan asılı vəziyyətdədir, forpostdur və İrəvanın belə demarşa heç bir potensialı yoxdur
Fransanın təxminən yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlərin hazırlandığı deyilir. Bunu rusiyalı hərbi bloger Anastasiya Kaşevarova iddia edib. Onun məlumatına görə, "Fontevrault L'Abbe"dəki təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur: “Belə təlim mərkəzlərinin sayı çoxdur. Bəzi təlim mərkəzlərindən foto və video sübutlar da var. Etnik erməni əsgərlər işə cəlb olunurlar, onlar arasında “Artsax”dan gələn könüllü gənclər də var. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir". Kaşevarovanın iddiasına görə, hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onlar xüsusi hərbi əməliyyat zonasına göndəriləcəklər: "Qəribə bir təsadüf nəticəsində oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın olur ki, orada hansı “təcrübə mübadiləsi” müzakirə olunub". Xatırladaq ki, Ermənistan KTMT-nin üzvüdür.
Politoloq Azər Rəşidoğlu isə "Sherg az"a deyib ki, bu açıqlamada rus bloger mənasız ehtimal irəli sürüb və əhəmiyyətsiz fikirlər səsləndirib. Analitikin fikrincə, Rusiya ilə Fransa arasında irimiqyaslı savaş ola bilməz:
"Kimlərsə Ermənistana təzyiq üçün belə fikirləri məqsədyönlü səsləndirirlər. Ermənistan tam Rusiyadan asılı vəziyyətdədir, forpostdur və İrəvanın belə demarşa heç bir potensialı yoxdur. Ona görə də rus ekspertin açıqlamasını ciddi qəbul etmirəm. Onun açıqlaması, əslində, aranı qızışdırmağa, İrəvanı Kremlə qarşı qoymağa hesablanmış addımdır. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması müşahidə edilir. Ona görə də belə bir ictimai rəy yaratmaq istəyirlər ki, Rusiya ilə mümkün savaşda Fransa Ermənistandan da istifadə edəcək. Burada məqsəd ictimai rəyi çaşdırmaqdır. Digər tərəfdən, Fransa özü əsas fiqur deyil və onun Rusiya ilə birbaşa qarşıdurmaya getməsi inandırıcı görünmür".