Qərb platformalarında fəallıq davam edəcək -Rəy

Bakı xarici siyasi vektorlar arasında ayrı-seçkilik etməyəcək


  "Azərbaycan xarici siyasətinin ən böyük özəlliyi bütün çağırışları bir-bir dəf etməsi və rəsmi Bakının balansı qoruması ilə bağlıdır".
 Bunu "Sherg.az"a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. 
Ekspert bildirib ki, Azərbaycan bu illər ərzində hegemon dövlətlərin "Bakı bizimlə yox, rəqibimizlədir" kimi düşünməsinə şərait yaratmadı: "Müəyyən dövrdə müəyyən dövlətlərlə problemlər yaşana bilər, bu, labüddür. Dövlət də insan kimi enişli-yoxuşlu dövrlərdən keçir, proseslər siyasi orqanizmə bənzəyir. Azərbaycan indiyə qədər olduğu kimi bundan sonra da ABŞ, Aİ, Rusiya, İran və Çin ilə əməkdaşlığını davam etdirəcək. Xarici siyasi vektorlar arasında ayrı-seçkilik etməyəcək, kiminləsə birləşərək digərinə qarşı proseslərə qatılmayacaq". 
 
 Analitik İranı çıxmaq şərtilə digər istiqamətlərdəki münasibətlərlə bağlı proqnozunu açıqlayıb: 
"Xüsusilə ABŞ, Aİ və Rusiya istiqamətləri arasında balanslı siyasət davam edəcək. Qərb platformalarında fəallıq sürəcək. Eyni zamanda rəsmi Bakı türk dövlətlərinin bir-birinə inteqrasiyası üçün əlindən gələni edəcək. Çünki Türk Dövlətləri qlobal gücü olan siyasi-iqtisadi və hərbi platformaya çevrilməlidirlər. Hər kəs də bilməlidir ki, Cənubi Qafqazı öz geosiyasi ambisiyalarının qurbanına çevirməməlidir. Belə olan təqdirdə istər-istəməz Azərbaycanla aralarında problemlər yaranacaq. Azərbaycan xalqının və dövlətinin maraqları alidir. Prezident İlham Əliyevin siyasəti xalqın xilası, inkişafı və işıqlı gələcəyidir".