NATO-Ukrayna Şurasının iclasında hansı məsələlər müzakirə olunacaq? -ŞƏRH

NATO-Ukrayna Şurasının iclası keçiriləcək.
NATO-nun mətbuat xidmətinin məlumatında bildirilib ki, son günlər Rusiyanın Ukraynaya raket və dronlarla kütləvi hücumları ilə əlaqədar Kiyevin tələbi əsasında NATO-nun baş katibi Yens Stoltenberq yanvarın 10-da səfirlər səviyyəsində NATO-Ukrayna Şurasının iclasını keçirəcək.
Şimali Atlantika Alyansı Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəkləyib.
 Bu barədə isə  Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidməti Kulebanın Telegram kanalında NATO ölkələrinin Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəklədiyini bildirib.  Nazirin sözlərinə görə, əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq. 

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov isə "Sherg.az"  açıqlamasında deyib ki, Ukraynada baş verən proseslər, hərbi əməliyyatlarla bağlı NATO yenidən düşünmək məcburiyyətində qalıb:
 "NATO üzvləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının hərbi siyasi rəhbərliyi Ukraynaya hərbi yardım məsələsində son dərəcədə ehtiyatlı davranır və bunu açıq-aşkar nümayiş etdirir. Sanki Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yetərli olmaması, müxtəlif yollarla Rusiyanın iqtisadi sanksiyalardan yayınması müharibənin uzanmasına və üzücü nəticələrə gətirib çıxarıb. Çox güman ki, NATO-Ukrayna Şurasının gözlənilən iclasında bu məsələlər bir daha müzakirə ediləcək. Ümumilikdə,  Komitənin iclasında Alyans üçün strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. Baş qərargah rəislərinin NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində qəbul edilmiş qərarların icrası prosesini nəzərdən keçirəcəkləri, həmçinin Vaşinqtonda keçiriləcək növbəti sammitə hazırlıq məsələlərini müzakirə edəcəkləri gözlənilir. Ən əsası isə 2024-cü ilin başlaması ilə Ukraynaya göstəriləcək hərbi yardımın həcmi, eyni zamanda bu yardımların siyasi-diplomatik və geopolitik nəticələri barədə fikir mübadiləsi aparılacaq".

Yaxın Şərqdə başlayan müharibə fonunda Ukrayna-Rusiya müharibəsinin ikinci plana keçdiyini vurğulayan politoloq deyib ki, faktiki olaraq Qərb iki cəbhədə vuruşmağa məhkum olub: 
"Fürsətdən istifadə edən Rusiya ciddi üstünlüyə malik olduğunu nümayiş etdirməyə başladı. Ukrayna ilə müqayisədə isə ABŞ-da dərin kök salmış yəhudi lobbisi qərb üçün Yaxın Şərqin daha prioritet olmasına rəvac verdi. Çünki hazırda ABŞ üçün əsas məsələ İranın birbaşa müdaxiləsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarətdir". 

2024-cü ildə hər iki müharibənin daha da alovlanacağını proqnozlaşdıran İ. Hüseynov deyib ki, İsrail Qəzza bölgəsində HƏMAS-ın kökünün kəsilməsi ilə bağlı qəti mövqe nümayiş etdirir: 
" Yəni Yaxın Şərq müharibəsi üçün bölgənin hərbisizləşdirilməsi və İsrailin mütləq qələbəsi əsas meyardır.
Rusiya-Ukrayna müharibəsində isə faktiki olaraq Kiyev xarici dəstəkdən asılı vəziyyətdədir. Əgər NATO rəhbərliyi  hərbi yardımın həcmini azaltsa, ləngitsə və yaxud hər hansı bir maneə yaradılsa, müharibə Rusiyanın mütləq qələbəsi ilə nəticələnə bilər. Bunun isə  geosiyasi nəticələri bütün postsovet məkanında özünü göstərəcək. Mərkəzi Asiya, Cənubi Qafqaz, xüsusən də Rusiya ilə Avropa ölkələri arası münasibətlərində... ".