Qərbin dezinformasiyası: Rusiya-NATO savaşı gözlənilmir -ŞƏRH

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Bild” nəşrinin Almaniyanın 2025-ci ildə Rusiya ilə NATO arasında baş verəcək müharibəyə hazırlaşdığına dair yaydığı məlumata münasibət bildirib.
M.Zaxarova bu barədə öz Teleqram kanalında yazıb.
“Bild” informasiya zibilliyinə sızan alman “gizli planını” oxudum. Bu, xərçəng bürcü üçün keçənilki ulduz falıdır. İstisna etmirəm ki, Bundesverin (Almaniya Silahlı Qüvvələri – red.) analitik hesabatı xarici işlər naziri Annalena Berbokun rəhbərliyi altında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb”, – Rusiya XİN sözçüsü bildirib.
Qeyd edək ki, “Bild” nəşrinin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi 2025-ci ildə NATO ilə Rusiya arasında baş verəcək müharibəyə hazırlaşır.

Savaş ehtimalı barədə "Sherg.az"ın sualını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, 2025- ci ildə Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma olacağını düşünmür:

 "Doğrudur, bunu formalaşadıracaq zəminlər var. Lakin hər iki tərəf belə bir müharibənin verəcəyi fəsadları, dağıdıcı nəticələri yaxşı başa düşür. Bu gün Rusiya-Ukrayna müharibəsi Rusiya-NATO müharibəsi kimi xarakterizə olunsa da, NATO Rusiya faktorunu nəzərə alaraq Ukraynaya çox az yardım həyata keçirir. Belə olan halda isə yaxın gələcəkdə NATO-Rusiya müharibəsinin olması real görsənmir".

Politoloq  NATO və Rusiyanın geosiyasi rəqib olduğunu xatırladaraq bu səbəbdən zaman-zaman kiçik çaplı münaqişələr yaşana biləcəyini vurğulayıb:
 "Amma bu güclər arasında birbaşa münaqişənin olması inandırıcı deyil. "Bild" nəşri həqiqətəndə informasiya zibilliyi kimi dəyərləndirilə bilər. Çünki bu nəşriyyat daim spekülyasiyalarla işləyir. Bütövlükdə  son dövrlər Qərbdə dezinformasiyaların sayı əməlli başlı artıb. Ona görə Bild nəşrinin verdiyi xəbəri ciddi hesab etmirəm".