Qulaqlarınız neçə yaşındadır? -Bir neçə dəqiqə ərzində öyrənə bilərsiniz

Eşitmə zəifliyini erkən müəyyənləşdirmək böyük əhəmiyyət daşıyır. Qulaqların nə dərəcədə sağlam, eşitmə qabiliyyətinin hansı səviyyədə olduğunu müəyyənləşdirə biləcək test üsulu təqdim olunub. 
“Sherg.az” “tr.marshable”yə istinadən bildirir ki, test üsulu video vasitəsilə təqdim olunub. Videoda göstərilənlərə əməl etməklə hər kəs eşitmə qabiliyyətinin hansı səviyyədə olduğunu, başqa sözlə desək, qulaqlarının yaşını təyin edə bilər. Həm də sadəcə, bir neçə dəqiqə ərzində. Bunun üçün qulaqcıqları taxıb videonu açmaq və səsi dinləmək lazımdır. Bu səsə nə qədər qulaq asa biləcəyiniz önəmlidir. Nə zaman səsə qulaq asmaqdan yorulsanız, səsin kəsilməsini istəsəniz, həmin dəqiqə videonu dayandırın. Sizin bu səsə nə qədər müddət qulaq asdığınız bəlli olacaq. Bunun sayəsində də qulaqlarınızın eşitmə qabiliyyəti ölçüləcək. Səs yüksəkliyi Hertz-lə ölçülür, buna əsasən də qulaqların yaşı müəyyən edilir. İnsan yaşlandıqca yüksək səsləri dinləməyi sevmir. Yüksək səslər yaşlı insanları narahat edir.  Lakin qulaqların eşitmə qabiliyyəti müxtəlif insanlarda müxtəlif ola bilər. Bəzən gənc insanlarda, eləcə də uşaqlarda eşitmə əngəli yaranır. Bu çatışmazlıq nə qədər tez müəyyənləşsə, qarşısını almaq da bir o qədər asan olur. Səsləri dinləyərkən qulaqcıqlar və səsgücləndiricilər də önəm daşıyır. Əgər onlar keyfiyyətsizdirsə, səs insanı tez yoracaq. İnsanların bir çoxu 20 min Hertz-ə qədər olan səsləri eşidə bilir. Lakin 40 yaşa çatdıqda eşitmə qabiliyyəti yarıbayarı azalaraq 11 min 500 Hertz səviyyəsinə düşür. 60 yaşlı insanlarda isə 8 min Hertz-ə düşür. Bu rəqəmlər 2021-ci ildə “Qulaq Burun Boğaz-Baş Boyun Cərrahiyyəsi Dərgisi”ndə yayımlanıb. Dərginin yazdığına görə, testlərdə iştirak etmiş 16-35 yaş arası şəxslərin 47 faizi öz yaşından daha zəif eşitmə qabiliyyətinə malikdir.  Onların qulaqları təxminən 13 il tez “qocalıb”. Eşitmə problemləri ilə məşğul olan Endi Şanks isə bunları deyib:  “Bir çoxumuz həyatımız boyunca eşitmə əngəli ilə üzləşirik. Lakin bunu erkən müəyyənləşdirmək eşitmə qabiliyyətinin daha yaxşı qorunmasına və qulaqların daha gec yaşlanmasına kömək edəcək”.