İnsan sümüklərindən narkotik maddə: Qəbiristanlıqlar nəzarətə götürüldü

Qərbi Afrika ölkəsi olan Sierra Leone insan sümüklərindən hazırlanan psixoaktiv dərmanla bağlı milli fövqəladə vəziyyət elan edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə "Kuş" adlı narkotikdən sui-istifadə hallarının kəskin artdığı bir vaxtda polis gənclərin qəbir qazmasının qarşısını almaq üçün paytaxt Fritaunda qəbiristanlıqları qorumağa başlayıb.

Tərkibində müxtəlif maddələr olan bu dərmanda kükürd izləri olduğu üçün üyüdülmüş insan sümüyünün qatıldığı və beləliklə də dərmanın təsirini artırdığı iddia edilir.


  
Sierra Leone prezidenti Julius Maada Bio dünən ümummilli yayımda deyib: "Ölkəmiz hazırda narkotik maddələrdən sui-istifadənin, xüsusən də sintetik narkotik olan "Kuş"un dağıdıcı təsirindən yaranan ekzistensial təhlükə ilə üz-üzədir".


2020 və 2023-cü illər arasında "Kuş"la əlaqəli xəstəliklər üçün "Sierra Leone" psixiatriya xəstəxanasına qəbullar demək kəskin artıb.

Onların əksəriyyəti 18-25 yaş arası gənclərdir.