Ölmüş qızını vitrinə qoydu

94 ildir eyni yerdədir

  Gəlinliklər tikən dərzinin dükanın vitrinə qoyduğu maniken küçədən keçən hər kəsin diqqətini cəlb edir. Maniken həm cansızdır, həm də “canlı”. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən qəribə maniken haqqında məlumat verir. Hadisə 94 il əvvəl Meksikada baş verib. Dərzi Pascuala Esparza evlənməyə hazırlaşan qızına gözəl bir gəlinlik tikib. Amma qızı toy günü faciəli şəkildə həlak olub. Dərzi ana bu faciədən sarsılsa da, qızının xatirəsini yaşatmağı qərara alıb. Tikdiyi gəlinliyi geyindirdiyi qızının cansız bədənini dükanın vitrininə yerləşdirib. Səhər saatlarında dərzi dükanının qarşısından keçənlər vitrindəki manikenin gözlərinin tərpəndiyini gördükdə heyrətə düşüblər. Ətrafda şayiələr yayılmağa başlayıb ki, bu maniken gecələr küçələrdə gəzir. Bu maniken mumiyalanmış cəsədlər kimi deyil. O, həqiqətən də canlı kimi görünür. Adı isə “La Pascualita”dır. Dünyanın müxtəlif yerlərindən Meksikaya onu görməyə gələnlər dərzi dükanını ziyarət edir. Bu manikeni digərlərindən fərqləndirən cəhət canlı insana hədsiz bənzəməsidir. Onun üzü sadəcə, süni görünür. Gözləri “canlı”dır, əlləri, ayaqları çox təbiidir, hətta ayaqlarında varikoz damarlar da görünür. Buna görə də “La Pascualita” insanların diqqətini cəlb edir. Manikenin bir özəlliyi də dərzinin vəfat etmiş qızına hədsiz bənzərliyidir. Yayılan şayiələrə görə, dərzinin qızı toy günündə zəhərli hörümçək sancmasından dünyasını dəyişib. Dərzi isə qızının əyninə geyinə bilmədiyi gəlinliyi manikenə geyindirib və onu dükanın vitrininə qoyub. Bununla dərzi qızının xatirəsini yaşatmaq, nakam övladı ilə hər dəqiqə təmasda olmaq istəyib. Amma manikenin vəfat etmiş gənc qıza hədsiz bənzərliyi əhali arasında belə bir şayiənin yaranmasına səbəb olub ki, guya vitrindəki maniken ölmüş qızın mumiyalanmış cəsədidir. Əhali arasında şayiələr çoxalıb. Dərzi dükanına gedənlər iddia edib ki, manikenin gözləri gələnlərə baxır, baxışları ilə insanları təqib edir, alış-veriş edənlər üzlərini çevirdikdə maniken tərpənir, fərqli duruş sərgiləyir. Hətta onun gecələr dükandan çıxıb ruh kimi ətrafda dolaşdığı da deyilib. Mütəxəssislər isə bildirib ki, heç bir mumiya 94 il ayaqüstə qala bilməz. Manikenin dərzinin vəfat etmiş qızına aid olması mümkünsüzdür. Amma insanlarda inanmaq istədiklərinə inanmaq duyğusu o qədər güclüldür ki, vitrindəki manikeni canlı hesab edirlər və Meksikaya gələn turistlər də onu görməyə həvəs göstərir.