Bu il Ukrayna Qərbdən 16 milyard dollar maliyyə dəstəyi alıb

2024-cü ilin əvvəlindən bəri Ukrayna büdcə dəstəyi üçün 16 milyard dollar alıb.
"Sherg.az"  xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
"Bu il dövlət büdcəsinə 16 milyard dollar xarici maliyyə vəsaiti daxil olub və ilin sonunadək daha 22 milyard dollar gözlənilir", - deyə məlumatda bildirilir. Maliyyə Nazirliyi həmçinin təsdiqləyir ki, Ukrayna hökuməti daxil olan vəsaitlərin istifadəsi ilə bağlı mütəmadi olaraq Qərbə hesabat verir.
Ukrayna artıq ikinci ildir ki, Qərb tərəfdaşlarının köməyinə ümid bəsləyərək rekord kəsirlə büdcə tərtib edir. Bu il büdcə kəsiri 43,9 milyard dollar təşkil edəcək. Maliyyə naziri Sergey Marçenko bildirib ki, büdcəyə hər ay tərəfdaşlardan 3 milyard dollar daxil olmasına ehtiyac var.
Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin sonunda dövlət borcu ÜDM-in 80 faizinə çatıb.