Şoyqunun Bakı səfərində son günlər yaşanan mühüm məsələlərin müzakirə predmeti olduğu şübhəsizdir
Sülh görüşünə ən uyğun məkan məhz Bakıdır
İsrail və İran üçün də Azərbaycan ən məqbul variant sayıla bilər
Prezident İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib. Dövlət başçısı Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Prezident Azərbaycanla Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini vurğulayıb. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən ölkə rəhbəri bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsində, müxtəlif sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini bəyan edib. Prezident bu məsələlərlə bağlı mütəmadi olaraq Vladimir Putin ilə müzakirələrin aparıldığını bildirib. Hökumətlərarası komissiyanın fəal işlədiyini deyən dövlət başçısı bu yaxınlarda Bakıda bu komissiyanın iclasının keçiriləcəyini söyləyib. Prezident İlham Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd edib. Dövlət başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “müttəfiqlik haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla vurğulayıb. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nümayəndə heyətinə səmimi və isti münasibətin göstərilməsinə görə minnətdarlığını bildirib. Bunun əsasında iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlərin durduğunu deyib. Sergey Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini söyləyib. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirdi və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib. S.Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib. Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub. Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla da görüşüb. Şoyqu İranı Moskvanın regiondakı əsas strateji müttəfiqlərindən biri adlandırıb. Rusiya rəsmisinin Bakıya İrandan gəldiyi deyilir.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, dünya mediasının və ictimaiyyətinin diqqəti İran-İsrail qarşıdurmasındadır. Analitikin sözlərinə görə, dünya gücləri cəbhələşməyə başlayıblar:
"İsrail ABŞ və NATO-nun dəstəyini öz arxasında hiss edir. İran isə Rusiya və Çinin dəstəyinə arxalandığını gizlətmir. Xəbərlərə görə, Sergey Şoyqunun İrana səfərində bir çox sənədlər imzalanıb. Rusiyanın hava hücumundan müdafiə sistemlərinin İrana verilməsi məsələsi və s. mövzular müzakirə olunub. Azərbaycan İranla qonşu dövlətdir və təbii olaraq cənub qonşumuzda yaşanacaq hansısa qarşıdurmanın mənfi təsirləri Azərbaycana təsirsiz ötüşməyəcək. Azərbaycan bölgənin aparıcı ölkəsidir. Həmçinin İsraillə münasibətlərimiz yüksək səviyyədədir. Şoyqunun Bakı səfərində son günlər yaşanan mühüm məsələlərin müzakirə predmeti olduğu şübhəsizdir. Azərbaycan tərəflərə münaqişənin həllini savaş meydanından masaya daşımağı təklif edir. Belə şəraitdə münaqişəli tərəflərin görüş üçün ən uyğun məkanı məhz Bakı ola bilər. İsrail və İran üçün də Azərbaycan ən məqbul variant sayılır".
S.Hümbətovun qənaətincə, belə görüşlərdə bəzi məqamlar dövlətin və regionun təhlükəsizliyi baxımından ictimaiyyətə açıqlanmır: "Hər halda indiki gərgin dönəmdə tərəflər arasında müzakirə predmeti çoxdur. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Prezidentinə etibar və etimad yüksəkdir. Xatırladım ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi dövrdə də Azərbaycan Prezidenti dövriyyəyə girmişdi. İsrail-Türkiyə əlaqələrinin normallaşmasında da Bakı vasitəçiliyini təklif etmişdi. Azərbaycan Prezidentinin rəsmi və ya qeyri-rəsmi diplomatik gedişləri dünya gücləri tərəfindən qəbul olunmaqdadır. Ona görə regionun aparıcı dövlətləri də Bakı ilə təmaslarda maraqlıdırlar".