Azərbaycanın hava və quru sərhədini hər iki ölkəyə bağlaması da istisna olunmur
"Hizbullah" təşkilatı İsrailə pilotsuz təyyarələrlə zərbələr endirib. ABŞ kəşfiyyatı İran və Livanın "Hizbullah" hərəkatının İsrailə qarşı mümkün hücumunun iki mərhələdə baş verəcəyini gözləyir. Amma Vaşinqton hələ də hücumların hansı xarakter daşıyacağını və hücumu ilk olaraq kimin həyata keçirəcəyini bilmir.
Nəşrin məlumatına görə, İsrailə hücumun başlama vaxtı və miqyası da məlum deyil.
İsrail ordusunun hücum planları hazırdır
İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının zabiti Ori Qordin bildirib ki, İsrail ordusunun gələcək hücum hərəkətləri ilə bağlı planlar hazırdır: “Gələcək hücum əməliyyatlarımız üçün planlar hazırdır, bütün bölmələr gözləmə rejimindədir”. Onun sözlərinə görə, İsrail əsgərləri ölkənin şimalındakı vəziyyəti dəyişmək və sakinləri evlərinə qaytarmaqda qətiyyətlidirlər.
İran da döyüş təyyarələrini hazırlıq vəziyyətinə gətirib
İran Hərbi Hava Qüvvələri döyüş təyyarələrini hazırlıq vəziyyətinə gətirib. "İrantoday" portalı məlumat yayıb ki, İran hava məkanının çox hissəsini bağlayır. Bundan əlavə, İran aviaşirkətləri Tehranın hava məkanında gözlənilən GPS kəsintiləri barədə xəbərdar edib və ölkənin qərb, cənub-qərb, cənub və mərkəzi marşrutlar üzrə uçan təyyarələri alternativ marşrutlar tapmağa çağırıb.
İsrailə hücumdan öncə İran Rusiyadan bu sistemi istədi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri zamanı İran Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. Moskva artıq onları tədarük etməyə başlayıb. Güman edilir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbəri İran Prezidenti Məsud Pezeşkian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqeri ilə zenit müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edib. İki İran rəsmisi NYT-yə Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib. Bütün bunların İsrailə qarşı planlaşdırılan hücum fonunda həyata keçirildiyi bildirilir.
Daha bir HƏMAS komandiri öldürüldü
HƏMAS-ın əl-Furqan batalyonunun komandiri Cabir Əzizi də öldürülüb. İsrail Müdafiə Qüvvələri (IDF) məlumatı təsdiqləyib. Məlumata görə, komandir Cabir Əzizi avqustun 4-də Qəzza zolağına hücum zamanı öldürülüb. İDF dövlətə qarşı terror aktlarının əsas təşkilatçılarından biri kimi Əzizin adını çəkir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, regionu həqiqətən də ağrılı günlər yaşayır: "Qəzzaya hücumlar 10 ayı keçib. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə Qəzza böhranında yeni bir sərhəd də aşıldı".
İsrail və İran müharibə astanasındadır - Peter Siyarton
Macarıstanın xarici işlər naziri Peter Siyarton deyib ki, İran və İsrail müharibə astanasındadır. Onun sözlərinə görə, Yaxın Şərqdəki böhran İsrail və İran arasında müharibəyə çevrilə bilər: “Bu gün mən israilli həmkarım İsrael Katz və iranlı həmkarım Əli Baqeri ilə telefonda danışdım, onlarla söhbətlər təəssüf ki, uçurumun astanasında olduğumuzu bir daha təsdiqlədi”. Diplomat Yaxın Şərq regionunda genişmiqyaslı müharibənin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Fələstin liderindən sülh mesajı: "İsraillə görüşə hazırıq"
Fələstin Prezidenti Mahmud Abbas deyib ki, Fələstin-İsrail münaqişəsini həll etməyin yolu beynəlxalq qətnamələrə əsaslanan siyasi qərardan keçir: “Biz təsdiq edirik ki, ümumbəşəri sülh və təhlükəsizliyə gedən yol beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə əsaslanan siyasi qərardan keçir”. Abbas bildirib ki, Fələstin İsraillə görüşlərdən imtina etməyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə İsrail Baş naziri Benyamin Netanyahu ilə bir neçə dəfə görüşməyə razılaşıb. Abbas qeyd edib ki, sülh yolundan sapan İsrail tərəfidir.
İranın hücum planı pozulur - “Qarşısını alırıq”
Livan xarici işlər naziri Abdullah Bu Həbib deyib ki, o, "Hizbullah"ın İsrailə qarşı genişmiqyaslı müharibəyə səbəb ola biləcək reaksiyasının qarşısını almağa çalışır. Livanın baş diplomatı İsraili Yaxın Şərqdə hücumlarının miqyasını genişləndirməkdə ittiham edib: “İsrailin hücumları İraq və Tehrandakı fələstinlilərə qədər genişlənib. Qərar Livandan daha geniş əhatəyə malikdir. Amma biz daha genişmiqyaslı müharibəyə səbəb olacaq hər hansı reaksiyanın qarşısını almağa çalışırıq”. ABŞ və İsrail mediasında “Hizbullah” terror təşkilatının İranın təhriki ilə İsrail ərazisinə hücum edəcəyi barədə məlumatlar yayılıb. Bunun HƏMAS lideri İsmayıl Haniyə və “Hizbullah” komandirinin öldürülməsinə cavab olacağı söylənilir.
"Azərbaycanın İsrail-İran gərginliyində tərəfsiz qalması İsrailin də maraqlarına uyğundur"
Politoloq Turan Rzayev bildirib ki, İranla İsrail arasında gərginlik getdikcə artır:
"Tərəflər müharibə ərəfəsindədirlər. İran Hərbi Hava Qüvvələri zərbə aviasiyasını, İsrail tərəfi isə hava hücumundan müdafiə sistemlərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. İran-İsrail gərginliyinin artan templə davam etdiyi bir zamanda region ölkələri məsələyə mövqelərini bildirirlər. Misir bu gərginlik fonunda tərəfsiz olduğunu açıqlayıb, həm Tehrana, həm də Təl-Əvivə xəbərdarlıq edib. Mümkündür ki, bənzər yanaşmanı Səudiyyə Ərəbistanı və İordaniya da açıqlayacaq. İndiki məqamda əsas sual budur: Azərbaycanın mövqeyi necə olacaq? Rəsmi Bakı ehtimal İran-İsrail müharibəsi və ya toqquşması halında bitərəf qalacaq. Hava və quru sərhədini hər iki ölkəyə bağlaması da istisna deyil. İsrail Azərbaycanın strateji, hərbi-iqtisadi tərəfdaşıdır. İki ölkə arasında yüksək səviyyədə əlaqələr var. Amma bu əlaqələr təmənnasız deyil, tərəflərin qarşılıqlı maraqları çərçivəsindədir. Azərbaycanın İsrail-İran gərginliyində tərəfsiz qalması İsrailin də maraqlarına uyğundur. Rəsmi Təl-Əviv Cənubi Qafqazdakı tərəfdaşının İranla gərginlik içərisində olmasını istəmir. Çünki güclü bir Azərbaycan onsuz da İran üçün regionda kifayət qədər ciddi problemdir. İrana gəldikdə isə Tehran ənənəvi olaraq Bakının Təl-Əvivə dəstək verəcəyini düşünəcək. Hətta bu məqsədlə sərhədə əlavə qüvvələr də cəmləyə bilər. Lakin bunu tədbir üçün edəcək. Yəni o da yaxşı bilir ki, Bakı Tehrana qarşı hər hansı neqativ addım atmaz. Azərbaycan münaqişələrin dinc və beynəlxalq hüquq çərçivəsində həllindən yanadır. Rəsmi Bakı indiki məqamda tərəfləri uzlaşdırmaq, gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını təqdim edə bilər. Bunun xaricində hər hansı bir tərəfdə dayanması mümkün deyil".