Politoloq: Ermənistan, İran və Hindistan "ticarət yolu" açır

Üç ölkənin nəzərdə tutduğu görüş Azərbaycanın Orta dəhlizdə iştirakına yox, Şimal-Cənub dəhlizində iştirakına müəyyən təhdid yaradır
 
 
 Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət yolunun işə salınması üçün üçtərəfli görüş baş tutacaq. Görüş İranda keçiriləcək. Üç ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaqlar. Həmçinin Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər. İran və Hindistan Zəngəzur dəhlizinə alternativ yolları mütəmadi gündəmə gətirirlər. Ermənistan rəhbərliyi də məlum "sülh qovşağı" proyektini dəfələrlə müzakirə predmetinə çevirib və reallaşması üçün dəstək istəyib. Ermənistan hökuməti regional dəmir yolları və avtomobil kommunikasiyaları layihələrində Fars körfəzi-Qara dəniz marşrutunun birləşdirilməsinə nail olmağa çalışır. İran və Hindistanın da məqsədləri Zəngəzur dəhlizi layihəsini kənarda qoymaq üçün Fars Körfəzi-Qara dəniz xəttini reallaşdırmaqdır. Paşinyan bununla Rusiyanı da kənara qoymağı planlayır. Ekspertlərin fikrincə, üç ölkənin həyata keçirməyə çalışdığı yeni dəhlizin reallaşma ehtimalı sıfırın altındadır. Səbəbi həm çox vəsait tələb olunması, həm də dəhlizin iddia edildiyi qədər rentabelli olmamasıdır. Hazır dəhliz layihələri varkən, mürəkkəb relyefli coğrafiyada yüz kilometrlərlə yolların, dəmiryolunun və s. infrastrukturun çəkilməsindən danışmaq utopiyadan başqa bir şey deyil.

 Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında bildirib ki, üç ölkənin nəzərdə tutduğu görüş Azərbaycanın Orta dəhlizdə iştirakına yox, Şimal-Cənub dəhlizində iştirakına müəyyən təhdid yaradır və təəssüf ki, bu, yeni hal deyil. Ekspertin sözlərinə görə, hələ 2021-ci ilin payızında Şimal-Cənub yükdaşımalarında Azərbaycanın rolunu minimallaşdırmaq məqsədilə ölkəmizdən yan keçəcək "Bəsrə körfəzi-Qara dəniz" layihəsi gündəliyə gətirilmişdi:
 "O zaman İbrahim Rəisi hökumətinin Dehli, İrəvan, ər-Riyad və Tbilisi ilə apardığı danışıqların bir mövzusu da bu idi. Olduqca bahalı və iddialı təşəbbüs olduğundan özünə tərəfdar tapa bilmədi. İkinci Qarabağ savaşından az sonra Hindistan səfiri bizim mediaya açıqlamasında Azərbaycanı Şimal-Cənub layihəsi ilə bağlı İranın Çabahar limanına üstünlük verməyə çağırmışdı. 2021-ci ilin oktyabrında Hindistan xarici işlər naziri Subramanyam Cayşankar İrəvan səfəri zamanı “Cənub Şimal” dəhlizi üçün İranın Çabahar limanından istifadə olunmasını təklif etmişdi. O zaman İran mediası hind xarici işlər nazirinin Azərbaycanı layihədən uzaqlaşdırmaqla bağlı açıqlama verdiyini iddia edirdi. Hərçənd Hindistan iki rəqibi - Çin və Pakistana qarşı rəqabət imkanlarını artıracaq böyük bir layihəni Tehranın diplomatik oyunlarına qurban vermək istəməzdi. Hindistanın Çabahar limanında israr etməsi isə Pakistanın Qvadar şəhərini dəhlizdə əsas yükötürücü liman olaraq seçilməsinin qarşısını almaq idi. 2021-ci ilin payızında Azərbaycan sərhədləri boyunca keçirilmiş güc nümayişi xarakterli təlimlərin bir məqsədi də Azərbaycanı Qvadarı deyil, Cabaharı seçməyə məcbur etmək idi".

 Analitikin sözlərinə görə, məsələni həm Pakistan, həm də İran üçün problematik edən odur ki, hər iki liman keçmişdə Omanın mülkü olub, hər iki liman bəlucların çoxluq təşkil etdiyi bölgədə yerləşir:
 "Hər iki ölkədə, istər İran, istərsə Pakistanda ciddi bəluc separatizmi problemi var və bu problemdən Hindistan zahirən yalnız Pakistana qarşı, hər iki ölkəyə qarşı istifadə edir. 1930-80-ci illərdə Çabahar limanı ətrafından, ümumən İranın körfəzə yaxın ərazilərindən indiki körfəz ölkələrinə mühacirət etmiş çoxsaylı bəluc icması bəluc milli hərəkatına ciddi dəstək verir. Yeri gəlmişkən, körfəz ölkələrindən birinin ölkəmizdəki səfiri də bəluc əsillidir. Bir müddət Hindistan, İran və Pakistan arasında limanlarla bağlı müəyyən uzlaşma əldə edildiyi haqda məlumatlar verilirdi. İndi yenidən bu məsələnin qabardılması, güman ki, Paksitan və Hindistan, eləcə də Çin və Hindistan arasında müşahidə olunan gərginlik, həmçinin Azərbaycanla Çin və Pakistan arasında daha da çox nəzərəçarpan yaxınlaşmaya verilən reaksiyadır. İran və Ermənistan öz maraqlarına zidd olaraq, Çini regiona buraxmamağa çalışan Hindistanın cari maraqlarına tabe olurlar".

 C.Quliyev qeyd edib ki, Şimal Cənub dəhlizində Azərbaycan marşrutuna alternativlər axtarışı Ermənistanla yekunlaşmır:
 "İrana gələn yüklərin Türkmənistan və Qazaxıstan üzərindən daşınması haqda danışıqlar aparılır. Eləcə də Xəzərin İran sahilindəki şəhərlərin yükdaşıma imkanlarının genişləndirilməsinə başlanıb. Ənzəli ilə yanaşı, kiçik şəhərlərin də belə imkanları nəzərdən keçirilir. Bu təşəbbüs onu nəzərdə tutur ki, İrana gələn yüklər Azərbaycana daxil olmadan birbaşa Türkmənistan, Qazaxıstan və Dağıstan limanları üzərindən Rusiya və Avropaya çıxarılsın. Bəs, Ermənistan üzərindən belə alternativ mümkündürmü? Bilirsiz ki, bu halda həmin marşrut Zəngəzur dəhlizi güzərgahını kəsəcək böyük ötürücülər, tunellər inşasını, indi Azərbaycana qaytarılmış kəndləri yan ötəcək yeni yollar çəkilməsini nəzərdə tutur. Çünki əvvəlki yollar həmin kəndlərdən keçirdi. Bir sözlə, bu təşəbbüs çətin, mürəkkəb coğrafi relyefi olan ərazidə həyata keçirilməli və böyük investisiyalar qoyulmalıdır. Neçə müddətdir vəd olunsa da, belə investisiya qoyuluşları haqda ciddi xəbər yoxdur. Nə Hindistanın, nə İranın belə investisiyalar qoyacağı inandırıcıdır. Yüklərin təyinat ölkəsi olan Rusiyanın da şaxələndirmə naminə böyük xərclənməyə gedəcəyi inandırıcı deyil. İran və Rusiya ilə bağlı indiki geosiyasi şərtlər daxilində Qərbin belə xərclənməyə gedəcəyini isə düşünməyə dəyməz".