Kreml anlayır ki, İranın müharibəyə cəlb olunması durumunda məğlubiyyəti mütləqdir və bundan Rusiya da itirəcək
HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümünə cavab olaraq İranın İsrailə qarşı zərbə hazırlıqlarını davam etdirməsi nəinki Yaxın və Orta Şərqdə, həmçinin Cənubi Qafqazda da təhlükəsizlik və sabitlik üçün ciddi təhdidlər yaratmaqdadır. Bu kontekstdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun əvvəlcə Tehrana, daha sonra isə Bakıya səfər etməsi və hər iki ölkənin yüksəksəviyyəli rəsmiləri ilə görüşlər keçirməsi də maraq doğurur. Prezident İlham Əliyev Sergey Şoyqu ilə görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyib və bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Sergey Şoyqu da ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Göründüyü kimi, hazırda hər iki ölkənin gündəliyində regional təhlükəsizlik məsələsi mühüm amil kimi önə çıxır. Çünki Azərbaycan da, Rusiya da qonşularımızın, o cümlədən İranın indiki kritik məqamda regional müharibəyə sürüklənməsini istəmir. İran və İsrail arasında böyük müharibənin başlanması Azərbaycan üçün də, Rusiya üçün də həm iqtisadi, həm nəqliyyat, həm də humanitar müstəvidə ciddi problemlər ortaya çıxara bilər. Qaçqın axınından tutmuş, beynəlxalq yükdaşımalara qədər bütün sahələrdə böhranlı durumla üzləşmək təhlükəsi qaçılmazdır. Bu mənada Yaxın Şərqdə proseslərin getdikcə daha dramatik şəkil alması region ölkələrinin heç birinin maraqlarına uyğun deyil. Regional müharibə bütün logistikanı, tranzit xətlərini iflic duruma gətirə bilər. Ona görə də praqmatik siyasət yürüdən ölkələr regionda sülhün və əməkdaşlığın hökm sürməsi üçün səylərini birləşdirməlidirlər. Ötən gün yayılan xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin İranın dini lideri Ayətullah Xameneidən HƏMAS-ın siyasi liderinin Tehranda öldürülməsinə sakit cavab verməsini və İsrailin mülki obyektlərini hədəf almamağı xahiş edib. Putinin mesajını Xameneiyə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çatdırıb. Lakin İsrail mediası yazıb ki, İran Rusiyanı onlara Su-35 qırıcıları verməyə razı salmağa çalışıb. “Nyu-York Tayms” öz mənbələrinə istinadla məlumat yayıb ki, Şoyqunun Tehrana səfəri zamanı İran Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. Moskva artıq onları tədarük etməyə başlayıb. Bütün bunların İsrailə qarşı planlaşdırılan hücum fonunda həyata keçirildiyi iddia olunur. Erməni hərbi ekspert Hayk Nahapetyan da deyib ki, İran asimmetrik hərəkətlərdən çəkinməli və müharibənin qarşısını almalıdır. Onun sözlərinə görə, Tehranın hərəkətləri müharibəyə səbəb olarsa, bu böyük müharibədə hamı iştirak edəcək: "Türkiyə, Rusiya və ABŞ. İranı müharibəyə cəlb etmək ABŞ-yə deyil, Böyük Britaniya və İsrailə lazımdır. İngilislər isə bütün bunları öz adalarından sakitcə izləyəcəklər”. Rusiyalı politoloq Sergey Markov da bildirib ki, İran və İsrail arasında müharibə bütün bölgəni partlada bilər və qorxuludur: "İki ölkə arasında böyük yox, iki kiçik asimmetrik müharibə olacaq". Onun sözlərinə görə, İran və İsrail böyük münaqişənin qaçılmaz, nəticələrinin isə ağır olacağını anlayır: “İranın strategiyası böyük müharibədən qaçmaqdır. Çünki İsrail nüvə silahından istifadə edib İranı məhv edə bilər. Buna görə də Tehran artıq apardığı və genişləndirə biləcəyi proksi müharibəsini davam etdirmək istəyir, çünki İsrailə nifrət edən çoxlu müsəlman var. İsrail də İranla böyük müharibədən qorxur, çünki bütün islam dünyası İsrailə qarşı hərəkətə keçib onu məhv edə bilər. İsrailə İranla simulyasiya edilmiş müharibə lazımdır. Sonra bu müharibə üçün o, ABŞ və Avropanın dəstəyini alacaq və HƏMAS, Hizbullah kimi proksi qüvvələri tədricən məhv edəcək”.
Politoloq Azər Qasımov da "Sherg.az"a açıqlamasında deyib ki, Moskvanın İran-İsrail qarşıdurmasında diplomatik aktivliyi Rusiyanın regionda yeni müharibə ocağının yaranmasından çəkinməsi ilə bağlıdır. Ekspertin sözlərinə görə, İran Ukrayna müharibəsində Rusiyaya hərbi dəstək verir:
"O baxımdan yeni müharibənin Rusiya üçün də mənfi təsirləri olacaq. Rusiyaya dron ixracı azalacaq. Eyni zamanda Rusiya özü də İrana hərbi dəstək verməyə məcbur olacaq. Ona görə də İranı təmkinli olmağa səsləyir. Əslində, Rusiya praqmatik siyasət yürüdür. Yaxşı başa düşür ki, İranın müharibəyə cəlb olunması durumunda məğlubiyyəti mütləqdir və bundan Rusiya da itirəcək. Moskvanın İsrail-İran savaşında maraqlı olması məntiqlə mümkünsüzdür. Doğrudur, müharibənin baş verməsi durumunda ABŞ-nin, Qərbin başı İsrailə qarışar və Ukraynaya yardım zəifləyər. Bu, Rusiyanın maraqlarına uyğundur. Amma nəzərə alaq ki, ABŞ artıq Ukrayna üçün yardım paketini ayırıb və xeyli müddət davam edəcək. Yəni yaxın dönəmdə Ukraynanın dəstəksiz qalması, zəifləməsi ehtimalı yoxdur".