Yaxın Şərq cəbhəsi alovlanır -ANALİZ

Azərbaycanla Türkiyənin təcili strateji məsləhətləşmələrə ehtiyacı var
 
"Münaqişə çatlarının qarşısı alınmasa, proses Mərkəzi Asiya regionuna da sıçramaq potensiallarına malikdir”
 
 
 
 Rusiyanın Kursk vilayətində vəziyyət son dərəcə gərgindir. Ukrayna ordusu ötən gecə ərzində davam edən şiddətli döyüşlər nəticəsində Kursk vilayətinin Sudja rayonu ərazisindəki Nikolaevo-Daryino və Sverdlikovo kəndlərinə nəzarəti ələ keçirib. Oleşynya yaşayış məntəqəsində vəziyyət gərgin olaraq qalır. Ukrayna ordusunun hücumu zamanı Rusiya tərəfindən azı 5 dinc sakin ölüb, 28 nəfər yaralanıb. Tibbi personalın məlumatına görə, yaralıların əksəriyyəti dinc sakinlərdir. O da bildirilir ki, Ukrayna hərbçiləri hücumun arealını daha da genişləndirməklə bağlı tapşırıq alıblar. Bunun əsas məqsədi müdafiə xəttini yararaq, daha çox əraziyə nəzarəti təmin etməkdir. Ukrayna tərəfi həmçinin, Qoqolevskaya və Qonçarovka qəsəbələrinə nəzarəti təmin edib. Rusiya ərazisində Ukrayna ordusunun 2000 nəfərədək şəxsi heyətinin olduğu deyilir. Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun sözlərinə görə, Ukrayna tərəfinin əsas məqsədi rayon mərkəzinə yaxın ərazilərdə möhkəmlənmək, eləcə də "Kurçatov" AES-i ələ keçirməkdən ibarətdir. Döyüşlər nəticəsində Ukrayna ordusuna məxsus 16 ədəd zirehli maşın və iki ədəd "Buk" zenit-raket kompleksi zərərsizləşdirilib. Bölgədə vəziyyətin mürəkkəbliyini ərazidə olan hərbi jurnalistlər də təsdiqləyiblər. Bildirilib ki, gecə ərzində Ukrayna tərəfinin 12 ədəd zirehli texnikası sıradan çıxarılıb. Onların sözlərinə görə, baş verənlər qarşı tərəfin hücumları daha da genişləndirəcəyini, eləcə də Rusiyanın ərazisinin bir hissəsini işğal etmək istədiyini göstərir. Rusiya Prezidenti Vladimir Putin Kiyev rejiminin növbəti genişmiqyaslı təxribata əl atdığını deyib.

 Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Rusiya-Ukrayna müharibəsinin rəngi Ukraynanın Kurska hücumu ilə dəyişir. Bu, NATO-nun Ukraynaya hərbi əməliyyatların planlaması və diversiya üçün təlimatlarının uğurlu başlanğıcını göstərə bilər. Ekspertin sözlərinə görə, Ukrayna öz ərazilərində yaradılmış Rusiya nəzarət zolağının sərhədlərini qıra bilməkdə çətinlik çəkir: 

"Proses Rusiyanın Ukraynaya qarşı əməliyyatlarda nüvə ritorikasının şiddətlənməsinə, Kremlin Ukraynaya silah çatdıran təchizat zəncirlərini qırmaq səylərinin praktiki şəkildə təzahürünə gətirib çıxara bilər. Qlobal münaqişələrin Yaxın Şərq cinahında genişlənən təhlükəsizlik boşluqları fonunda Ermənistan sürətli bir şəkildə özünü Cənubi Qafqazın “Suriyasına” çevirir. Ermənistan əks qütblərin qoşunlarının üz-üzə dayandığı ölkə qismi statusuna sahiblənir. Gümrüdəki Rusiyanın hərbi bazasının mövcudluğu fonunda Ermənistana yerləşdirilmiş Avropa İttifaqı missiyası, bu yaxınlarda isə ABŞ hərbçilərinin Ermənistana gəlişi xəbərləri həmin tendensiyanı sürətləndirir. Bu onu göstərir ki, Ermənistan diplomatiyası və strategiyası ağıllı gediş etdiyini düşünsə də, ölkənin təhlükəsizlik problemləri yöndəmsiz şəkildə təhlükələrə sürüklənir. Ermənistan barədə qərarlar İrəvanın iradəsindən kənarda verilir ki, bu da regional problemlərin həllində mürəkkəb tənliklər yaradır. Ermənistan artıq güc qarşıdurmasını özünü oyunçuların birgə patrul nəzarəti altına salmaqla regional təhlükəsizliyi risk altına atır. Ermənistan həqiqətən də ABŞ hərbçilərinin öz ölkəsinə ayaq basmasına icazə veribsə, bu, onun Azərbaycanla yanaşı, İran və Türkiyə ilə münasibətlərində kəskin qarşıdurma xətləri yaradacaq".

 Ekspertin sözlərinə görə, Yaxın Şərq cəbhəsinin alovlanması Ukraynadakı münaqişədən tutmuş Cənubi Qafqazdakı problemli məsələlərə qədər genişlənən təhlükəsizlik problemləri ərsəyə gətirir: 
"Münaqişə çatlarının qarşısı alınmasa, proses Mərkəzi Asiya regionuna da sıçramaq potensiallarına malikdir. Azərbaycanla Türkiyənin təcili strateji məsləhətləşmələrə ehtiyacı yaranıb. Çünki Bakının çoxkombinasiyalı regional həmlələr zamanı tək olmadığı bir daha nümayiş olunmalıdır. Əgər Ermənistan “Suriya modeli”ni öz taleyi kimi müəyyən edirsə, onda elə Suriyada aktiv rol alan Türkiyənin təcrübəsi Azərbaycanla birlikdə İrəvana tətbiq edilməlidir. Azərbaycan Ermənistanın sülh gündəliyindən yayınması üçün vasitələr və kanallar tapmasına cavab olaraq hərbi güc tətbiqi ssenarilərini işləyib hazırlayır. Bu, Azərbaycanın özünə qarşı yarana biləcək təhdidləri önləmək qabiliyyətinə əsaslanır".

 A.Kərimov vurğulayıb ki, Ermənistan dövlətinin süqutu üçün zəmin hazırlanır: 
"Çünki İrəvan ABŞ, Rusiya, Fransa Hindistan və Çin arasındakı rəqabətin və ya sövdələşmələrin dişləri arasında sıxılır. Üstəlik, Azərbaycan, İran və Türkiyə ilə daha böyük problemli mərhələyə yaxınlaşdığını göstərir. Rusiyanın Ermənistanın addımlarını cavabsız qoyacağı düşünülmür. Amma indiki geosiyasi şərait Kremlin əleyhinə işlədiyindən, Moskva İrəvanla bağlı planlarını təxirə salmaq məcburiyyətindədir. Azərbaycan və Türkiyənin tezliklə regional və beynəlxalq münaqişələrə müştərək baxışla bağlı müzakirələr aparacağı istisna olunmur. Bu, əsasən, taleyi qaranlıqlaşan Ermənistan üzərindən qurulan ssenarilərə cavab kimi məsələləri əhatə edəcək".