Atəşkəs olmayacaq: ABŞ-nin danışıq cəhdləri heç bir nəticə vermir

Yaxın Şərqdəki gərginliyin və silahlı toqquşmaların digər ölkələrə də sıçraması qaçılmaz haldır
 
 
 Yaxın Şərq  dövlətləri ciddi xaos içindədir. Qəzzada atəşkəsin elan olunması barədə razılaşmalar da  iflasa uğrayıb.
ABŞ, İsrail, Misir və Qətər rəsmilərinin iştirakı ilə hazırlanan təkliflər paketi indiki şərait üçün alternativsiz olsa da, onun yerinə yetiriləcəyinə şübhə yaranıb. Şübhələri aradan qaldırmaq və razılaşmanın digər detallarını müzakirə etmək üçün Ağ Evin Yaxın Şərq məsələləri üzrə baş müşaviri Brett MakQerk bu həftə regiona səfər edəcək. “Times of Israel”in xəbərinə görə, bu barədə  ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmilərindən biri deyib.
Qeyd edək ki, HƏMAS-ın yüksəkrütbəli nümayəndəsi Usamə Həmdan ABŞ dövlət katibi Antoni Blinkenin Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin təmin olunması üçün yenilənmiş təklifi qəbul etmək çağırışını tənqid edib. Həmdan bir neçə gün əvvəl Əl-Cəzirə telekanalına müsahibəsində bildirib ki, HƏMAS yalnız Baydenin bir neçə ay əvvəl irəli sürdüyü və razılaşdırılmış təklifin qəbul edilməsini istəyir. İsrail tərəfi isə həmin təklifə daxil olan məsələlərdən imtina edib: “Netanyahunun yenilənmiş təklifə razılıq verməsi onu göstərir ki, ABŞ administrasiyası onu əvvəlki razılaşmanı qəbul etməyə inandıra bilməyib”.
 Həmdan qeyd edib ki, atəşkəs razılaşması Qəzzada müharibənin bitməsi və İsrail qoşunlarının oradan çıxarılması şərti ilə baş tuta bilər.
Məlumat üçün bildirək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında dünən baş tutan  telefon danışığı zamanı da HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki vəziyyət müzakirə edilib.
Göründüyü kimi, böyük güclər Yaxın Şərqdə gündən-günə gərginləşən proseslərin qlobal münaqişəyə çevrilməsi ehtimalından narahatlıq keçirir. Böyük ehtimal ABŞ və digər Qərb dairələri ehtimal edilən İsrail- HƏMAS, İsrail-İran müharibəsinin  ağır maliyyə yükü olduğunu nəzərə alaraq, belə bir  savaşda maraqlı deyil. Digər NATO  ölkələri, o cümlədən Türkiyə də  bu müharibəyə qarşı olduğunu bəyan edib. Bu səbəbdən də sözügedən dövlətlər tərəflər arasındakı münasibətləri  danışıqlar yolu ilə neytrallaşdırmaq üçün bütün mümkün vasitələrə əl atırlar.  
 
Politoloq Elçin Xalidbəyli isə “Sherg.az”a açıqlamasında deyib ki, Yaxın Şərqdəki proseslərin miqyasının gələcəkdə necə dəyişəcəyi hələlik müəammalıdır: 

“Yaxın Şərqdə müşahidə olunan gərgin situasiyanın normallaşma ehtimalı  o qədər də inandırıcı görünmür. Hazırda qarşılıqlı atılan addımlar daha çox gərginliyin artmasına xidmət edir, nəinki münasibətlərin normallaşması. Həm İsrail, həm İran, həm də ki HƏMAS-ın davranışlarında silahlı toqquşmaların daha geniş areala  yayılması təhlükəsi ön plana çıxır. Müşahidələr onu göstərir ki, yaxın müddətdə savaş Livan ərazisinə də keçə bilər. Eyni zamanda  Yəmən  ərazisi də yenidən  münaqişə poliqonuna çevrilə bilər. İsrail və İran arasında da silahlı toqquşmaların reallaşması istisna deyil. Yarana biləcək ən təhlükəli tendensiya isə Livanla müharibənin yaşanacağı təqdirdə, digər müsəlman dövlətlərin müdaxiləsidir. Nəticədə Yaxın Şərqin münaqişə məkanına çevrilməsi, daha sonra isə qlobal müharibənin başlaması kimi təhlükəli ehtimallar gerçək ola bilər”.

 Politoloqun fikrincə, hər nə qədər arzuolunmaz hal olsa da, indiki situasiya eynilə davam edərsə, Yaxın Şərqdəki gərginliyin və silahlı toqquşmaların digər ölkələrə də sıçraması qaçılmaz  haldır:
 “Bu artıq  yeni qlobal savaş təhlükəsi deməkdir ki, sadəcə, Yaxın Şərq ölkələri yox, bütün dünya üçün ciddi təhlükə  vəd edən bir haldır. Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Avropa İttifaqı (Aİ) da  məhz bu səbəbdən savaşın qarşısını almaq üçün  tərəflərə qarşı müəyyən təsir faktorlarından istifadə  edir. Lakin bu dövlətlərin danışıq cəhdləri heç bir nəticə vermir. Odur ki, Yaxın Şərqdə baş verən hadisələrin hansı istiqamətə yönələcəyi qeyri-müəyyən olaraq qalır. Böyük ehtimalla ABŞ ilə Aİ, həmçinin də Yaxın Şərqə təsir mexanizmləri olan digər dünya güclərinin tutacaqları mövqe proseslərin inkişaf istiqamətlərini müəyyən edəcək”.