Politoloq: Kursk əməliyyatları Kremlin sülh şərtlərini fiaskoya uğratdı

Rusiya öz ərazisində müharibənin qarşısını ala bilmir
 
 Hazırkı proses bu cür davam edərsə, Moskva öz şərtlərini danışıqlar masasında diktə edə bilməyəcək
 
 
 Rusiya-Ukrayna arasında davam edən müharibə yeni bir mərhələyə daxil olub.
Xüsusən də Kursk əməliyyatı Ukraynanın müharibədə assimmetrik döyüş taktikasına keçməsinə dəlalət edir. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində uğurlu hücum əməliyyatından sonra ölkənin içərilərinə doğru irəliləyir. Görünən  odur ki, Kiyev hərbi sursat və əsgəri qüvvə baxımından özündən qat-qat güclü olan rəqibini gözlənilməz əks-hücumlarla yaxalamağa cəhd edib və əks tərəfin nüfuzuna ağır zərbə vurmağa çalışır. Qeyd edək ki, avqustun ilk günlərində  Ukrayna hərbiçiləri gözlənilmədən Rusiyanın Kursk vilayətinə hücum edərək 30-35 kilometrədək irəliləyə biliblər. 30-a qədər yaşayış məntəqəsi ələ keçirilib. Yüzlərlə hərbiçi əsir götürülüb. On minlərlə sakin isə təxliyə olunub.  İndi isə  Ukrayna Ordusunun əsas məqsədi ələ keçirdiyi ərazilərdə möhkəmlənmək, növbəti həmlələr üçün zəmin yaratmaqdır. Hər halda yaxın günlər ərzində bunun mümkün olub-olmayacağının şahidi olacağıq. Fakt budur ki, hazırda Ukraynanın 12 minlik yüksək hazırlıq keçmiş qoşunu Rusiya ərazisində ağır döyüşlər aparır.
 “Bild” nəşrinin eksperti Yulian Röpkenin  məlumatına görə, Kreml Ukraynanın hücumunun dayandırıldığını iddia etsə də, bunun əksini göstərən dəlillər artır: “Ukrayna ordusunun Kursk vilayətində hücumu dayandırılmayıb. Növbəti böyük rus qəsəbəsi Korenevo uğrunda döyüş başlayır. Avqustun 20-də səhər saatlarında Rusiyanın “Şimal” qrupunun teleqram kanalı Ukrayna hərbi bölmələrinin Korenevo kəndinin girişindən 300 metr məsafədə (sərhəddən 19 km məsafədə) əməliyyat apardığını əks etdirən video yayımlayıb. Videoda Ukraynaya məxsus dörd avtomobilin atəşə tutulduğu, onlardan ikisinin vurulduğu əks olunub. Bu görüntülər Ukrayna Silahlı Qüvvələrinin bir neçə gündür yaxınlaşdığı Korenevo uğrunda döyüşlərə başladığını təsdiqləyir”.  
 Röpke bildirib ki, Korenevonun itirilməsi Vladimir Putinin reputasiyasına Sucanın itirilməsindən daha pis təsir edəcək: “Sucadan fərqli olaraq, o, qəfil hücumu və müdafiənin hazırlıqsız olmasının üzərinə yıxa bilməyəcək. Kursk vilayətində iki həftə davam edən döyüşlərdən sonra oradakı Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və minlərlə əsgəri əlavə olaraq bölgəyə yerləşdirib. Bu vəziyyətdə Ukrayna qüvvələrinə uduzmaq Rusiya hərbi rəhbərliyi üçün dəhşətli biabırçılıq olardı”. Ekspert Ukrayna ordusunun digər istiqamətlərdə də irəlilədiyini bildirib: “Sudjanın şimal-şərqində inamlı döyüşlərdən sonra Ukrayna qoşunları Martınovka kəndinə nəzarəti ələ keçirdilər. Bu kənd Birbaşa Kurska aparan P200 magistral yolunun üzərində yerləşir. Martınovkanı çeçen birləşmələri müdafiə edirdi, kənd Sucaya potensial əks-hücum üçün başlanğıc nöqtəsi kimi vacib idi. İndi Ukrayna Silahlı Qüvvələri üçün bu təhlükə sürətlə azalır”.

 Politoloq  Qabil Hüseynli “Sherg.az”a açıqlamasında deyib ki, Ukrayna ordusunun Rusiya ərazisinə girməsi müharibənin gedişatına təsirsiz ötüşməyəcək: 

“Faktiki olaraq müharibə təkcə Ukraynada deyil, Rusiyanın ərazisinə də sirayət edib. Bu müharibə Rusiyanın içərilərinə doğru irəliləyir.
 Son zamanlar Rusiya ilə Ukrayna arasında artan gərginliyin səbəbi, Rusiyanın Ukraynaya təklif etdiyi danışıqlarla razılaşmaması, geri addımlar atmaması, hətta Ukrayna tərəfindən gələn təkliflərə üz çevirməsidir. İndi isə Ukrayna ordusunun Kurskdakı uğurlu hərbi əməliyyatı Rusiyanın sülh şərtlərini fiaskoya uğratdı. Hazırkı proses bu cür davam edərsə, Moskva öz şərtlərini danışıqlar masasında diktə edə bilməyəcək.
Lakin Rusiyanın Ukraynanın istədiyi kimi işğal etdiyi ərazilərindən çıxması, Donbası, Luqanskı Ukraynaya qaytarması  kimi  ehtimallar da real deyil. Bütün bunlara rəğmən Kursk ərazisinin Ukrayna tərəfindən tutulması müharibədə yeni şərtlər yaradacaq.  Ən azından indi Ukrayna özünün işğalı altında olan ərazilərinin qaytarılması üçün savaşmır, Rusiya ərazilərini ələ keçirərək, Rusiya ilə müharibənin sonrakı gedişində ərazilərin mübadiləsini həyata keçirməyə çalışır. Həmin ərazilərin də hazırda Ukraynanın nəzarəti altında olan bölgələr var, Ukrayna bütün canlı qüvvəsi ilə Kursk, Belqorod kimi şəhərlər ətrafında davam etdirdiyi psixoloji təzyiq həddini daha da artıracaq. Bu vəziyyətin uzun bir müddətə sirayət edəcəyi labüddür”.

 Politoloqun fikrincə, Moskva Ukrayna ordusunun Kurskdakı əməliyyatını NATO-nun əməliyyatı kimi qiymətləndirərsə, o zaman vəziyyət  daha da  gərginləşə bilər: 
“Moskva Ukrayna ilə müharibədə vəziyyəti öz xeyrinə dəyişmək üçün bütün vasitələrdən istifadə edə bilər. Əgər Rusiya öz ərazisində müharibənin qarşısını ala bilməzsə, böyük ehtimalla, Kremldə daha radikal mexanizmlər nəzərdən keçirilə bilər. Bu sıraya Ukraynaya fəal dəstək verən Avropa ölkələrinə birbaşa ballistik raketlərlə hücumların təşkilinin daxil edilməsi istisna deyil”.