Dünya "yaşıl enerji"yə keçidi sürətləndirməlidir

Ekologiya və ətraf mühitin mühafizəsi  
 
 
 Görülən işlər ətraf mühitin yaxşılaşmasına, iqlim dəyişikliyinin zəifləməsinə kömək olacaq
 
 

 Hazırda dünyada qlobal problemlərdən biri də iqlim dəyişiklikləridir. Ölkəmizin kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm və sahilyanı zonaları iqlim dəyişikliyinə həssasdır.
Lakin “yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa müsbət təsir göstərir.
 "Yaşıl enerji" bərpaolunan enerji mənbələrindən əldə olunur. Bu mənbələr təbii şəkildə yenilənir və fosil yanacaqlardan fərqli olaraq, karbon dioksid və digər zəhərli qazların emissiyasını minimuma endirir. “Yaşıl enerji” istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
 "Yaşıl enerji" istifadə edildikdə, atmosferdəki qeyri-təbii karbon dioksid səviyyəsi azalır, bu da iqlim dəyişikliyinin sürətini ləngidə bilər. Eyni zamanda bu enerji növləri təbii sərvətləri qoruyur və ekosistemlərin davamlılığını dəstəkləyir.
Bununla yanaşı, "yaşıl enerji" texnologiyalarının inkişafı, enerji istehsalında müxtəlifliyi artıraraq, enerji təhlükəsizliyini yaxşılaşdırır, iqtisadiyyat üçün yeni iş imkanları yaradır, yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır.
 “Yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir.
Beləliklə, "yaşıl enerji"dən istifadə iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.
Müasir dövrdə ekoloji şüurda “yaşıl enerji”dən istifadənin vacibliyi ideyasının getdikcə özünə mühüm yer tutmasının səbəbləri aşağıdakılardır:
 
• “yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir;
 
• “yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir;
 
• “yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır;
 
• “yaşıl enerji”yə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır.
 Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcəkdir. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaqdır. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir.
 Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcəkdir. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcəkdir.
 “Yaşıl enerji”dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır. “Yaşıl enerji”dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir. “Yaşıl enerji” mənbələrindən istifadə edilməsi üçün səmərəli texnologiyaların tətbiqi enerji təchizatının şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir.
Dünyada iqlim dəyişikliyinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün növbəti 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verəcəyi proqnozlaşdırılır. 2030-cu ilədək qlobal istiləşmənin qarşısını almaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə qoyuluşu tələb olunur. 1,5°C qlobal istiləşmə strategiyasına uyğun olaraq 2030-cu ilədək xeyli sayda əlavə iş yerinin yaradılması proqnozlaşdırılır.
“Yaşıl enerji”dən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə mühüm təsir göstərir. Bərpa olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin enerji keçidinin rifah indeksinə görə 1,5°C strategiyası qlobal rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu indeks göstərir ki, bərpaolunan enerjiyə keçidə dair yol xəritələrinin səmərəliliyi enerji siyasəti ilə sıx bağlıdır, burada ölkədaxili və beynəlxalq tənzimləyici qərarların qəbulu həlledici rol oynayır.
Qeyd edək ki, “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.
Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm əhəmiyyət kəsb edir ki, bu da təsadüfi deyil. Çünki “yaşıl hidrogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla, enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir.
Yuxarıda göstərilənlərdən aydın olur ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır. Ekoloji fəlsəfədə “yaşıl enerji”nin xüsusiyyətləri insan-təbiət münasibətləri kontekstində öyrənilir. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır. “Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alınması üçün vacibdir. “Yaşıl enerji” istehsalı enerji təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologiyaların və innovasiyaların inkişafına təkan verir. Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.

 “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli hesab edir ki, “Yaşıl enerji”dən istifadə qlobal dəyişiklik baxımından çox faydalıdır. Bu barədə “Sherg.az”a danışan ekspert  bildirib ki, qlobal iqlim dəyişikliyi sayəsində son yüzilliklərdə istiləşmənin bir neçə dərəcə artdığı izlənməkdədir: 
"Bunun da əsas səbəbi kimi alimlər karbon dioksid səviyyəsinin artmasını göstərirlər. İstixana qazlarının qarşısının alınması, şübhəsiz, ağır sənayenin nanotexnologiyalarla davam etməsidir. Lakin ən çox zəhərli qazların yaranma səbəblərindən biri enerji mənbələri olduğundan hazırda bunun üzərində düşünülməkdədir.
 Yəni artıq karbohidrogenlər deyil, "yaşıl enerji" sayəsində istehsal edilən yanacaqdan bəhs edilir. "Yaşıl enerji"dən istifadə ətraf mühitin yaxşılaşmasına, iqlim dəyişikliyinin zəifləməsinə kömək olacaq. Azərbaycan bərpaolunan enerjidən istifadə edir. Lakin bütün ölkələr məsələyə bu cür yanaşmır.
 Dünyada "yaşıl enerji"yə keçidin sürətlənməsi ilə buzlaqların əriməsi, şirin su qaynaqlarının azalması, səhralaşmanın qarşısı alınmış olacaq. Mənim əsas təklifim isə odur ki, birinci növbədə insanlar maarifləndirilməlidir. Ekoloji mədəniyyət önəmli olmalıdır. İnsanlar ətraf mühitə qarşı həssas olmalıdır. Digər tərəfdən, insanların ucuz enerji arayışı sayəsində istifadə etdikləri daş kömür və digər karbon qazı yaradan yanacaqlar məhdudlaşdırılmalıdır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ekoloji mədəniyyətimizin yüksəlməsinin və "yaşıl enerji"yə keçid sahəsində gördüyümüz işlərin nəticəsidir".