Postsovet məkanında nüvə dövləti statusu Rusiyadan sonra Qazaxıstana aiddir -ŞƏRH

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev referendum nəticəsində qərarın xalq tərəfindən dəstəklənəcəyi təqdirdə atom elektrik stansiyasının (AES) tikintisi ilə kimin məşğul olacağı sualını şərh edərkən bildirib ki, hökumət ətraflı təhlil aparmalı və müvafiq danışıqlar təşkil etməlidir. O söyləyib ki, bu, asan məsələ deyil. Şəxsən mən hesab edirəm ki, Qazaxıstanda qabaqcıl texnologiyalara malik aparıcı dünya şirkətlərini özündə birləşdirən beynəlxalq konsorsium fəaliyyət göstərməlidir. Sonrakı prosesləri, necə deyərlər, həyat göstərəcək. Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçirilir. Səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarısından çoxu iştirak edərsə, referendum baş tutmuş sayılacaq.

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı uzunmüddətdir müzakirələr gedir: 

“Bununla bağlı müxtəlif müzakirələr əvvəllər də olub. Burada hər bir dövlətin öz maraqları mövcuddur. Amerika Birləşmiş ştatları atom elektrik stansiyasından Rusiya əleyhinə istifadə etmək niyyətindədir. Rusiya isə atom elektrik stansiyasını öz nəzarəti altına almaq istəyir. Bütün bunların hamısı Çinin hərbi siyasətini cilovlamaq üçün baş tutur. Ümumilikdə postsovet məkanında nüvə dövləti statusu Rusiyadan sonra Qazaxıstana aiddir və bu istiqamətdə hazırlıq gedir. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çalışır ki, atom elektrik stansiyasına beynəlxalq  konsorsium tərəfindən tikilsin və beynəlxalq hüquq əsasında fəaliyyət göstərsin. Qazaxıstanın niyyəti əslində nüvə dövləti olmaq deyil. Sadəcə olaraq biri-biriylə mübarizə aparan iki qütb arasından sıyrılaraq yüksək səviyyəli enerji əldə etməkdir. Ümumiyyətlə Qazaxıstanda son zamanlar sanaye müəssələrinin tikintisinə xüsusi diqqət ayrılır. Eyni zamanda Qazaxıstan alternativ enerji mənbələri axtarışındadır. Alternativ enerji mənbələrinin axtarışıyla bağlı da Azərbaycanla da müzakirələr aparılır. Həmçinin Qazaxıstan günəş enerjisindən maksimum şəkildə istifadə edən dövlətlərdən biridir. Qazaxıstanda enerji siyasəti yüksək əhəmiyyət kəsb etdiyinə görə Tokayev höküməti atom elektrik stansiyasının tikintisində maraqlıdır”.