Baş nazir ona sadiq olmayan, addımlarına əngəl törədən fiqurların hakim komandadan uzaqlaşdırılmasını davam etdirəcək
Paşinyanın bu şəxslərlə mübarizəsinin nəticə verib-verməyəcəyini zaman göstərəcək
Ermənistan hökumətində istefa dalğası başlayıb. Ölkənin infrastruktur naziri və Dövlət Gəlirləri Komitəsinin rəhbərindən sonra daxili işlər naziri də istefa verib. Ardınca İstintaq Komitəsinin rəhbəri Argişti Keremyan həmkarlarından "nümunə" götürüb. Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Korrupsiyaya qarşı Komitəsinin sədri Sasun Xaçaturyan da istefa verənlər arasındadır. Bütün bunların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi son töhmətdən sonra baş verməsi diqqət çəkib. Erməni deputat Tiqran Abramyana görə, Ermənistan Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə baş verən kütləvi istefalar seçkiqabağı prosesin məntiqi kimi anlaşılmalıdır. Onun fikrincə, hakimiyyət bu yolla yeni imic ortaya qoymağa çalışır. Yerli media və müxalifət isə Nikol Paşinyanın erkən parlament seçkilərinə hazırlaşdığını iddia edir.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a bildirib ki, Paşinyan hökumətinin daxilində əvvəldən narazı qruplar var idi. Ekspertin sözlərinə görə, Paşinyanın COP29-a görə Bakıya gəlməməsinin arxasında da bir-birinə qarşı duran qruplaşmalar dayanır:
"Hökumət daxilində Paşinyana ciddi təzyiqlər var. Paşinyan komandası içərisində üç əsas qrup var. Biri rusyönlü, digəri Qərbmeyilli, üçüncüsü isə ultra-millətçilər, revanşist qüvvələrdir. Bu qruplar daxilində gedən daxili mübarizə Paşinyanın hökuməti idarə etməsində ciddi problemlər yaradırdı. Hansı tərəfin mövqeyi daha ağırdırsa, digər tərəfə təsir etməyə çalışır, sıxışdırma siyasətini aparır. Paşinyanın müxtəlif bəhanələrlə həmin şəxsləri hakimiyyətdən uzaqlaşdırmasının arxasında bu dayanır".
Analitikin fikrincə, vəzifədən uzaqlaşdırılan şəxslər Azərbaycanla sülh müqaviləsinin imzalanmasına da maneələr, əngəllər törədə də bilərlər:
"Paşinyanın bu şəxslərlə mübarizəsinin nəticə verib-verməyəcəyini zaman göstərəcək. İstənilən halda baş nazir ona sadiq olmayan, addımlarına əngəl törədən fiqurların hakim komandadan uzaqlaşdırılmasını davam etdirəcək. Bunun idarəetmədə hansısa siyasi böhrana səbəb olacağını düşünmürəm".