Şərhçi: Fələstin məsələsində "buzlar tərpənir"

Xəqani Səfəroğlu: "Avropanın böyük dövlətlərinin bir-birinin ardınca Fələstin dövlətini tanıdıqlarını bəyan etməsi çox ciddi geopolitik proseslərdən xəbər verir"
Avropa Fələstini tanıyır, amma Qüds hələ də mübahisəlidir
 Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliyanın ardınca, ötən gün Fransa, Belçika, Monako, Malta və Lüksemburq da müstəqil Fələstin dövlətini tanıdı. 
Beləliklə, Fələstin dövlətini tanıyan ölkələrin sayı 150-ni keçdi. Britaniyanın Baş naziri Kir Starmer və Kanada hökumətinin başçısı Mark Karni qərarlarını eyni vaxtda açıqlayıblar. Fələstin xarici işlər nazirinin müavini Ömər Əvəzullah deyib ki, Fələstin Dövlətinin tanınması uzun illər davam edən diplomatik işin nəticəsi idi. Onun sözlərinə görə, İsrailin fələstinlilərə qarşı qırğın müharibəsi Fələstin dövlətinin tanınması prosesini sürətləndirib: "Fələstini tanıyan bütün ölkələr bu dövləti Yaxın Şərqin ayrılmaz hissəsi kimi görmək istədiklərini açıq şəkildə bildirdilər. Fələstinin bir sıra ölkələr tərəfindən tanınması İsrailin işğal olunmuş ərazilər üzərində suverenliyinin olmadığını təsdiqləyir". Britaniyanın Fələstini tanıması bölgə üzrə Krallığın maraqlarının da nəzərə alınmasından xəbər verir. ABŞ Prezidenti Donald Trampın Londona ötən həftə dövlət səfərindən sonra bu addımın atılması isə tərəflər arasında məsələyə dair müəyyən razılaşmaların olduğunu ehtimal etməyə əsas verir. Ekspertlərə görə, Britaniya və başqaları tərəfindən Fələstinin tanınması həm də İsraili dünyanın siyasi xəritəsindən silmək istəyən qüvvələrə, o cümlədən İran hakimiyyətinə, HƏMAS kimi qruplaşmalara da ismarışıdır. Çünki bu kimi qüvvələr Yaxın Şərqdə gərginlik yaratmaq məqsədilə bir qayda olaraq Fələstin məsələsindən istifadə ediblər. Fələstin-İsrail münaqişəsi 75 ildir davam edir. Ərazi 1920-1948-ci illərdə Millətlər Liqası adından verilən mandatla Böyük Britaniya tərəfindən idarə olunan Fələstin adlanıb. Ümumiyyətlə, coğrafi yer olaraq Fələstin adı Aralıq dənizi ilə İordan çayının arasında qalan bölgəyə deyilib. 1947-ci il noyabrın 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar qəbul edib. Qərara əsasən, Fələstinin 54 faizi yəhudi, 45 faizi isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan bir faiz ərazi isə beynəlxalq ərazi olmalı idi. 
Araşdırmaçı-jurnalist, siyasi şərhçi Xəqani Səfəroğlu bildirib ki, Avropanın böyük dövlətlərinin bir-birinin ardınca Fələstin dövlətini tanıdıqlarını bəyan etməsi çox ciddi geopolitik proseslərin başlandığını deməyə əsas verir. Ekspertin fikrincə, bütün gözlər Qəzzada olduğu bir zamanda problemin əsas "Qordi düyünü" olan Qüds (Yeruşəlim) şəhərinin statusu ən mürəkkəb məsələdir:
 "Yəhudilər Yerusəlimin qədim yəhudi dövlətinin paytaxtı olduğunu bəyan edir, buna görə də şəhərin onlara məxsus olduğunu deyirlər. Ərəblər isə faktik olaraq bu gün mövcud olan vəziyyətin 2000 il əvvələ dəxli olmadığını deyərək bu iddianı rədd edirlər. Odur ki, heç cür razılıq əldə olunmur. BMT özünün Qətnamələrində Qüdsün (Yerusəlimin) Fələstinlə İsrail arasında iki hissəyə bölünməsini tələb edir. İsrail bunu qəbul etmir. BMT isə İsrailin 1980-ci ildə qəbul etdiyi "Yerusəlim haqqında qanun"u tanımır. Bu qanuna görə Yerusəlim İsrailin paytaxtı kimi təsdiq edilib. Avropa dövlətləri BMT-nin qərarını tanıyırlar. Ərəb dünyası 1994-cü ilə qədər Fələstin torpaqlarında İsrail dövlətinin mövcudluğunu qəbul etmirdi. ABŞ-nin vasitəçiliyi ilə 1993-cü ildə aparılmış Oslo görüşündən sonra Baş nazir İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının rəhbəri Yasir Ərəfat razılığa gələ bildilər. FAT İsrailin mövcudluğunu, İsrail isə Fələstin Muxtar Administrasiyasını tanıdı. Amma yenə Yerusəlimi bölə bilmədilər". 
Mövcud vəziyyəti dəyərləndirən jurnalist vurğulayıb ki, rəsmi statistikaya görə, Yerusəlimdə 865 min adam yaşayır, onlardan 574 mini yəhudi, 285 mini müsəlman ərəblərdir:
 "Davudun məbədi, müsəlmanların müqqədəs Əl-Əqsa məscidi, İsa Məsihin qəbri və çarmıxa çəkildiyi yer ordadır. İsrail-Fələstin davası dünyanın ən mürəkkəb münaqişəsidir. Çünki burada dini, etnik, müxtəlif dünya güclərinin korporativ maraqları dərin kök salıb. Son proseslər göstərir ki, bu məsələdə "buz tərpənir". Bundan sonra necə olacaq, bu, indi cavabı olmayan sualdır. Cavabı yəqin ki, böyük güclərin yeni geopolitik prioritetlərində axtarmaq lazım gələcək".