ABŞ-nin Ukrayna ilə bağlı planının iflas ehtimalı yüksəkdir -Politoloq

 Belə danışıqlar formatı ilə Ukraynanın gələcək taleyini müzakirə eləmək yol verilməzdir

Ukrayna böhranı ABŞ-dan daha çox Avropa dövlətlərinə təsir göstərir

Ukrayna ətrafında davam edən gərginlik artıq qlobal təhlükəsizliyin başlıca mövzularından biridir. Böyük güclərin maraqları prosesə birbaşa təsir göstərir. Hazırda diqqət mərkəzində ABŞ-nin hazırladığı Ukrayna üzrə sülh planı dayanır. Bu gün Avropa İttifaqının xarici işlər nazirləri həmin planı müzakirə edəcək. Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa ədalətli sülhün tərəfdarıdır və bu məqsədə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Onun sözlərinə görə, istənilən planın uğurlu olması üçün Ukraynanın və Avropanın prosesdə aktiv iştirakı vacibdir. Bu da göstərir ki, müzakirələrin nəticələri təkcə region deyil, bütövlükdə Avropanın gələcək təhlükəsizliyini müəyyənləşdirən amillərdən biridir.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında ABŞ-nin Rusiya ilə müzakirələrlə Ukraynanın taleyini həll eləməyə çalışdığını söyləyib:

"ABŞ və Rusiya arasında Ukrayna böhranının nizamlanmasına yönəlik səhnə arxası gizli danışıqların aparıldığı haqqında iddialar mövcuddur. Hətta bildirilir ki, Rusiya Kırım-Donbas kimi ərazilərin ələ keçirilməsi ilə yanaşı, Ukraynada rus dilinin dövlət dili kimi status qazanması ilə bağlı absurd tələblər də irəli sürür. Hazırda ABŞ Rusiya ilə müzakirələrdə məhz Ukraynanın taleyini həll eləməyə çalışır, halbuki Ukrayna bu müzakirələrdə iştirak eləmir. Bu da absurt və yol verilməz danışıqlar modelidir. Belə danışıqlar formatı ilə Ukraynanın gələcək taleyini müzakirə eləmək yol verilməzdir. Çünki Ukrayna müstəqil dövlətdir və öz gələcəyini də özü müəyyən etməlidir. Rəsmi Kiyevin ilk reaksiyası ondan ibarətdir ki, Ukrayna rus dilini dövlət dili olaraq qəbul etməyəcək, eyni zamanda öz ərazilərini də Rusiyaya güzəştə yetməyəcək. Bu o deməkdir ki, Kiyev, ABŞ və Rusiya arasında aparılan müzakirələrin nəticəsində ortaya çıxa biləcək, Kremlin diktə elədiyi və onun tələbləri ilə formalaşdırılmış bir sülh sazişini qəbul etmək niyyətində deyil. Digər önəmli məqam da təbii ki, Avropa Birliyi dövlətləridir. Çünki Ukrayna böhranı ABŞ-dan daha çox Avropa dövlətlərinə təsir göstərir".

Politoloq Ukrayna savaşının həlli metodlarının Avropa ölkələri üçün təhlükəsizlik mövzusu olduğunu bildirib: 

"Ukrayna savaşı Rusiyanın maraqları və şərtləri daxilində həll olunarsa bu, yaxın gələcəkdə bütün Avropa məkanını Rusiya təcavüzünə məruz qalacaq məkana çevirə bilər. Bu, Avropa ölkələri üçün olduqca böyük bir hərbi strategi, təhlükə qaynağıdır. Ona görə də ABŞ-dan daha öncə həm Ukrayna, həm də Avropa birliyi ölkələri Ukrayna böhranının həlli məsələsində ön planda olmaları daha məntiqli olardı. Halbuki nə Rusiya, nə də ABŞ həm Ukraynanın, həm də Aİ-nin bu danışıqlarda siyasi iradə sahibi statusunda iştirak etməsini istəmir. Ona görə də həm Vaşinqton və Moskva arasında aparılan danışıqların, həm də ABŞ-nin Ukrayna savaşının nizamlanması məqsədi ilə hazırladığı planın iflasa uğrama ehtimalı kifayət qədər yüksəkdir".