Aİ Türkiyə və Cənubi Koreya üçün SAFE-in qapılarını açmağa tələsmir
21:30 31.10.2025
Dünya
532
Avropa Komissiyası Türkiyə və Cənubi Koreyanın SAFE (Security and Defence Fund for Europe) müdafiə təşəbbüsünə qoşulmaq üçün müraciətləri ilə bağlı hələlik heç bir qərarın olmadığını bildirib.
Bu barədə "Report"un Avropa bürosunun sualına cavab olaraq Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Toma Renye bildirib.
O qeyd edib ki, Ankara və Seulun mümkün iştirakı ilə bağlı hələlik heç bir danışıqlar aparılmır: "Danışıqlara başlamaq üçün Avropa Komissiyası əvvəlcə tövsiyə hazırlamalıdır. Bu tövsiyə Aİ Şurası tərəfindən nəzərdən keçirildikdən və mandat alındıqdan sonra danışıqlardan söhbət gedə bilər".
Brifinqdə jurnalistlər Aİ-nin ən böyük iqtisadiyyatına malik olan, Ankara ilə müdafiə və sənaye sahəsində daha sıx əməkdaşlığın əsas tərəfdarı olan Almaniyanın təşəbbüsə açıq dəstəyi nəzərə alındıqda vəziyyətin çaşdırıcı olduğunu qeyd ediblər.
Daha əvvəl Almaniya kansleri Fridrix Merts Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin SAFE-də iştirak perspektivlərini və digər müdafiə tərəfdaşlığı məsələlərini müzakirə edib.
Mətbuatın xəbərlərinə görə, Berlin Avropanın cənub-şərq cinahında artan təhdidlər fonunda proqramın "Aİ xaricindəki etibarlı tərəfdaşları" əhatə etmək üçün genişləndirilməsinin tərəfdarıdır.
"Türkiyə bizə aid olan bütün xarici siyasət və təhlükəsizlik məsələlərində olduqca vacib oyunçudur. Almanlar və avropalılar olaraq, (digər ölkələrlə) strateji tərəfdaşlığımızı dərinləşdirməliyik və Türkiyə bundan kənarda qala bilməz", - Merts bildirib.
Öz növbəsində, Türkiyə lideri qeyd edib ki, Avropada təhlükəsizliyin dəyişən şərtləri fonunda müdafiə məhsullarının alınması ilə bağlı problemləri keçmişdə qoyub birgə layihələrə diqqət yetirmək lazımdır.
"Biz demirik ki, Türkiyə vacib tərəfdaş deyil və ya onun əhəmiyyətli müdafiə imkanları yoxdur. Lakin SAFE nisbətən yeni bir vasitədir və üzv dövlətlər yalnız bu yaxınlarda ilkin ayırmalar alıblar", - AK nümayəndəsi aydınlaşdırıb.
Avropa Komissiyasının yüksək vəzifəli rəsmisi "Report"a qeyri-rəsmi şərhində qeyd edib ki, məsələnin mürəkkəbliyi Aİ dövlətlərinin əsasən NATO çərçivəsində Ankara ilə tərəfdaşlıq etməsinə baxmayaraq, fərqli, hətta kardinal ziddiyyətli mövqeləri ilə bağlıdır.
"Almaniya Türkiyənin iştirakını qeyd-şərtsiz dəstəkləsə də, Fransa buna qarşıdır və bu, onu etibarsız müttəfiq hesab etdiyi və ya hərbi-sənaye potensialına inamsız olduğu üçün deyil. Məsələ ondadır ki, bu halda Fransa 150 milyard avroluq "pirojna"dan kiçik pay alacaq. Kipr və Yunanıstan Türkiyənin Rusiya ilə yaxın əlaqələri kimi digər arqumentlərə istinad edirlər. Lakin əsas arqumentin siyasi olduğu aydındır; onlar qonşularına kökündən qarşıdırlar", - rəsmi qeyd edib.
Ekspertlərin fikrincə, Türkiyə ilə sıx əlaqələri və birgə müdafiə layihələri ilə Azərbaycan potensial olaraq bu cür əməkdaşlıqdan faydalana bilər. Birbaşa iştirak olmadan belə, Türkiyənin hərbi-sənaye sektorunun daha da innovativ inkişafı Azərbaycan müdafiə sənayesində oxşar prosesləri asanlaşdıra bilər.
Türkiyə müdafiə sənayesində Azərbaycanın əsas tərəfdaşıdır, onu müasir silah və texnologiyalarla təchiz edir, eləcə də birgə istehsalda əməkdaşlıq edir.
SAFE ("Security and Defence Fund for Europe" - Avropa üçün Təhlükəsizlik və Müdafiə Fondu) proqramı Avropa İttifaqı və onun ən yaxın tərəfdaşları daxilində birgə müdafiə inkişafını və tədarükünü sürətləndirməyi hədəfləyir. Artıq Birləşmiş Krallıq və Kanada ilə proqrama qoşulmaq üçün danışıqlar aparılıb və onların müraciətləri qısa zamanda nəzərdən keçirilib və təsdiqlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm