- İsmail Cingöz: Bir səhv addım regionu deyil, bütün dünyanı alova bürüyəcək
ABŞ və İran arasındakı münaqişə günü-gündən daha kəskin fazaya keçir. Yəməndəki Husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi, gərginliyi yeni mərhələyə daşıyıb. Bölgədə ABŞ və İranın hərbi qarşıdurması intensivləşərkən, husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası qərarı, böhranı lokal çərçivədən çıxararaq genişmiqyaslı münaqişənin fitilini çəkib.
Cəbhədəki gərginlik tərəflərin çıxışlarında da öz əskini tapır. SEPAH ölkənin təhlükəsizliyi və müstəqilliyinə qarşı hər hansı hücuma qəti və "unudulmayacaq" cavab veriləcəyini bəyan edib. ABŞ prezidenti Donald Tramp isə amerikalı hərbçilərin öldürülməsinə görə İranı ağır cəza ilə hədələyib. Hazırda regionun taleyi, tərəflərin real potensialından çox, atacağı növbəti addımlardan asılı vəziyyətdədir
Mövzu ilə bağlı Beynəlxalq siyasət üzrə mütəxəssis İsmail Cingöz Sherg.az-a bildirib ki, Vaşinqton və Tehran hərbi qarşıdurması ikitərəfli münaqişə sərhədlərini çoxdan aşıb:
“İranın ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələri hədəf alması münaqişəni regional təhlükəsizlik sistemini sarsıdan yeni mərhələyə daşıyır. İran Amerika bazalarını vuranda bunu təkcə ABŞ ordusuna cavab vermək üçün etmir. Vaşinqtonla birbaşa dialoq kanalları qapalı olduğundan Tehran “qonşuya vurub ev sahibinə mesaj vermək” taktikasına əl atır. Ərəb ölkələrini qorxudaraq onları ABŞ-yə "müharibəni dayandırın" dedirtməyə məcbur etmək istəyir. Tehranın əsas məqsədi, Amerika bazalarının Körfəz ölkələrini qorumaq əvəzinə, onları münaqişənin birbaşa hədəfinə çevirdiyini göstərməkdir. Lakin bu gedişat ciddi risklər daşıyır. Çünki mülki itkilər və ya kritik infrastruktura vurulan zərər, Körfəz ölkələrini Vaşinqtondan uzaqlaşdırmaq əvəzinə, İrana qarşı vahid cəbhədə birləşdirə bilər”.
Ekspertin sözlərinə görə, diplomatik qapılar helə tam bağlanmayıb:
“Tarix göstərir ki, ən şiddətli qarşıdurmalar belə sonda danışıqlar masasında həll olunur. Hazırkı mərhələdə tərəflərin masaya əyləşməzdən əvvəl hərbi təzyiq yolu ilə daha güclü danışıqlar mövqeyi əldə etməyə çalışacağı şübhəsizdir. Yaxın gələcəkdə, müharibənin tam dayanacağına inanmıram. Əvəzində tərəflər gərginliyi idarə olunan həddə saxlayaraq, üçüncü ölkələr üzərindən dolayı danışıqlara üstünlük verəcəklər. Nə Vaşinqton, nə də Tehran uzunmüddətli regional münaqişənin gətirəcəyi siyasi və iqtisadi yükü daşımaq istəməyəcək. Toqquşma qəti hərbi qələbə ilə deyil, güclər nisbətinin yenidən formalaşdığı müvəqqəti razılaşma ilə bitəcək”.
İ.Cingözün fikrincə, nəzarətdən çıxan tək bir yanlış addım, münaqişəni regional çərçivədən çıxararaq, dünya iqtisadiyyatını sarsıdan genişmiqyaslı böhrana çevirə bilər:
“Unutmaq olmaz ki, Hörmüz boğazı qlobal iqtisadiyyat üçün kritik əhəmiyyətə malik əsas enerji arteriyasıdır. Başda Avropa İttifaqı olmaqla, Çin, Hindistan və Yaponiya kimi nəhəng iqtisadiyyatların enerji təhlükəsizliyi birbaşa bu marşrutdan asılıdır. Dolayısıyla, uzanan münaqişə enerji daşıyıcılarının bahalaşması, inflyasiyanın yüksəlməsi və tədarük zəncirlərinin qırılması ilə qlobal iqtisadiyyatda resessiya riskini artırır. Belə bir şəraitdə pərdəarxası diplomatik kanallarla həm Vaşinqtona, həm də Tehrana eskalasiyanı cilovlamaq və dialoqu bərpa etmək üçün beynəlxalq təzyiqlər güclənəcək. Çünki bu böhran artıq regional münaqişə çərçivəsini aşaraq, qlobal iqtisadi sabitlik üçün təhlükəyə çevrilməyə başlayıb”.