İsrailə casusluq etdiyi üçün ABŞ-də 30 il həbsdə qalan keçmiş kəşfiyyatçı Jonathan Pollard canlı yayımda Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, İsrailin "Kanal 7" telekanalına danışan Pollard bildirib ki, “növbəti müharibə”nin Türkiyə və Misirə qarşı ola biləcəyini düşünür. O, “Fırtına yaxınlaşır. Dünya indiyə qədər belə proses görməyib” ifadələrini işlədib.
Pollard Türkiyənin Yaxın Şərqin ən güclü ordusuna sahib olduğunu və NATO üzvü olmasının İsrail üçün ciddi faktor sayıldığını vurğulayıb. O, həmçinin Suriyanın cənubunda Türkiyə dəstəkli qüvvələrin güclənməsinin İsrail üçün “çətin təhdid” olduğunu iddia edib.
Keçmiş casus İsrailin baş naziri Benjamin Netanyahunu da sərt tənqid edərək, onun ABŞ-dən asılı siyasət apardığını deyib.
1984-cü ildə ABŞ məxfi məlumatlarını İsrailə ötürdüyünə görə həbs olunan Pollard 2015-ci ildə azadlığa buraxılıb və daha sonra İsrailə köçərək vətəndaşlıq alıb.