Bədirxan Əhmədlinin elmi portretinə bir nəzər

Azərbaycan ictimai, ədəbi, tənqidi fikir tarixində fundamental tədqiqatları ilə bədii fikrin ideya-sənətkarlıq məziyyətlərini yüksək dəyərləndirən yeni-yeni tədqiqat əsərləri yaranır. Bu əsərlərdə milli-mənəvi dəyərlər dünyəvi təcrübələrin yekun nəticələri ilə dərinləşdirilir, analitik təfəkkürün dərin qatlarından keçirərək sərf-nəzər edilir və bununla da, ədəbiyyatşünaslıq elmimizin boyartımı şərtləndirilir. Bu yolda çalışan böyük alimlərin ənənəvi varisliyi həmişə diqqət mərkəzində olub, tədqiqatçılar tərəfindən davamlı olaraq təqdir edilib: B.Çobanzadə, F.Köçərli, S.Mumtaz, H.Zeynallı, M.Rəfili, C.Xəndan, A.Sur, Ə.Abid klassikasının varisliyi H.Araslı, M.H.Təhmasib, M.Dadaşzadə, F.Qasımzadə, M.Cəlal, M.Cəfər və A.Zamanovun simasında təcəlli etdi. 

Elmi yaradıcılığa təşnəçiliklə, zəhmətsevərliklə xarakterinin sadəliyində ağırlığına bərabər elmi üslubunu yaradan, sanballı tədqiqatları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirən professor Bədirxan Əhmədli öz adını bu elmin unudulmazları sırasına salıb. Qədim Borçalı mahalından gələrək mərkəzdə-Bakıda elmin daşlı-kəsəkli yollarına qədəm basan B.Əhmədli elə bununla da həyatını bu qaynar şəhərlə bağladı və hazırda ədəbi-elmi ictimaiyyət arasında görkəmli ədəbiyyatşünas, tənqidçi kimi tanınır.
Professor Bədirxan Əhmədli AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinə rəhbərlik edir, eyni zamanda Xəzər Universitetində XX əsr Azərbaycan ədəbiyyatı kursu üzrə mühazirələr oxuyur. O, bir müddət Türkiyənin Qars Qafqaz Universitetində işləyib. On beşə yaxın tədqiqat əsərinin müəllifliyini çiynində daşıyan bu təvazökar insan başlıca olaraq ədəbiyyatımızın müxtəlif  problemləri ilə məşğul olub. Təfəkkür genişliyi, məhsuldarlıq zənginliyi, analitik düşüncənin imkan dərinliyi və itiliyi ilə öz təsdiqini möhürləyəndə ciddi alim şəxsiyyətinin əzəmət tutumu gözümün önündə canlanır. B.Əhmədli yaradıcılığı, müasir ədəbi elmi fikir tariximizdə boy göstərənliyi, elmi dəyəri ləyaqətinə və tutduğu mövqeyinə tapınıb. Tanıtım edək ki, B.Əhmədli Almaniya, Çin, Hindistan, Pakistan, Polşa, Türkiyə, Rusiya, Qazaxıstan, Tatarıstan, Özbəkistan və Gürcüstanda keçirilən konfranslarda iştirak edib, mühazirələr oxuyub, eləcə də Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb.
Azərbaycan satirik ədəbiyyatının ümumi mənzərəsinin dövrlər, istiqamətlər və problemlər üzrə ən geniş açımı onun araşdırmalarında öz həllini tapır. Bu aspektdə XX əsr yazıçı, şair və dramaturqlarının yaradıcılığına bütöv icmal halında zəngin faktlar, nümunələr əsasında sərf-nəzər edilir. Bu nöqteyi-nəzərdən onun Sabit Rəhmanın satirasının köklü əsaslarla oturaqlaşmasını məhz bu kontekstdə araşdırmaya cəlb etməsini məqsədəuyğun hesab edirik. S.Rəhman və müasirlərinin dramaturgiyasında müasir-mənəvi-əxlaqi problemlərinin formalaşmasına keçidin konturunu o, belə müəyyənləşdirib: “Azərbaycan teatrının yeni mərhələsinin ayrılmaz qollarını təşkil edən Cavid və Cabbarlı dramaturgiyasındakı mövzu və problematika zənginliyi, yüksək teatr estetizmi, fəlsəfi vüsət və idrak, dramatizm və dinamizm müasirlik pərdəsi arxasında yeni, fərqli bir yaradıcılıq prosesi ilə əvəzləndi”. Ənənəvi varisliyə bağlılığı bu cür təqdimatla nümayiş etdirən tədqiqatçı S.Rəhmanın satirasını məhz bu fərqli yaradıcılıq prosesində şərh edərək Azərbaycan satirasının inkişaf problemləri ilə bağlı fundamental tədqiqatın klassik nümunəsini yaradır. 
Sovet dönəmində L.Malyuxinin “tamaşaçıya şən komediya tamaşaları lazımdır” aksiomasının mənfi təsiri çox keçmədi dramaturgiyamızın nöqsanları kimi üzə durdu. “Konfliktsizlik – münaqişəsizlik nəzəriyyələrinin təsiri nəticəsində “satirik tipikləşmə, komik oyun, komik konflikt və xarakterdən imtina” edildi. S.Rəhmanın “Xoşbəxtlər”i və “Toy”u və sonrakı komediyaları bu nəzəriyyələrin uğursuz istiqamətindən yaxa qurtara bilmədi və təbii ki, bunlar  tədqiqatçının dərin və əhatəli məzmunda təhlilində öz əksini tapır. Azərbaycan dramaturgiyasının əsrin 60-cı illərinə qədərki dövrünə yekun qiymət verən müəllif, elə həmin dövrlərdə dramaturgiyanın mövzu və problematikasında, obrazların işlənilməsində, hadisələrə yanaşmada, sosial problemlərin dramaturji konfliktin mərkəzinə gətirilməsindəki yenilik, ictimai həyatda siyasi kursun dəyişməsi kimi ədəbi-mədəni hadisələr ədəbiyyat və gerçəklik fonunda elmi həllini tamamlayır. Və məhz bundan sonra çox keçmədən İ.Əfəndiyev dramaturgiyası, İ.Əfəndiyev teatr məktəbi öz lirik-dramatik psixologizmi və ictimai pafosu, kolliziyaların sosial problemlərin bağrından qopması, tarixin müasirlik biçimində yüksək sənətkarlıqla təqdimi baxımından dramaturgiyamızın yeni inkişaf mərhələsinin axar mənbəyinə çevrildi. Dramaturgiyamızın B.Vahabzadə, H.Həsənzadə, Elçin, Anar, Ə.Əmirli, F.Mustafa mərhələsi həmin dramaturgiyanın doğma övladları kimi özlərinin səhnə uğurlarına tapındı. Mühacirət ədəbiyyatı istilah olaraq ədəbi-bədii fikrimizdə XX əsrin sonlarında işlənilməyə başlanıldı; bu ədəbiyyatın nümayəndələri haqqında məqalələr yazıldı, əsərləri çap olundu, dərsliklərdə yaradıcılıqları barədə icmal məqalələrdə təmsil olundu. Elmi monoqrafiyalar yazılaraq bu ədəbiyyatın nümayəndələrinin həyatı, dövrü və yaradıcılıqları geniş şəkildə tədqiq olunaraq təqdim olundu. Əslində, bu ədəbiyyatın son tədqiqinin mükəmməl nümunəsini Bədirxan Əhmədli yaradıb desək, zənnimcə, səhv etmərik. Məhz onun “Azərbaycan mühacirət ədəbiyyatı. Təşəkkülü, problemləri, şəxsiyyətləri” adlı böyükhəcmli araşdırması ilə tanışlıq zamanı onların adlarıyla tanış olursan və bu münasibətlə Nazif Ələkbərli, Vaqif Sultanlı, Alxan Bayramoğlu və Ş.Qurbanovun kitab və məqalələri yada düşür. B.Əhmədli bu araşdırıcılardan fərqli olaraq Azərbaycan mühacirətini dörd mərhələ üzrə təsnif edərək ədəbi şəxsiyyətlərin yaradıcılığını, bu ədəbiyyatın problemlərini genişliyi ilə tədqiqata cəlb edib. O, birinci mərhələni Ə.Hüseynzadənin və Ə.Ağaoğlunun nümunəsində sovetlərə qədərki dövr kimi səciyyələndirib. İkinci mərhələ II Dünya savaşına qədərki mühacirətin siyasi, ədəbi-bədii, elmi istiqamətlərdə təşkilatlanma və inkişaf dalğası, II Dünya müharibəsindən 50-ci illərin ortalarına qədərki mərhələ kimi təsnif olunub. O, M.Rəsulzadənin vəfatı ilə Azərbaycan mühacirlərinin aktiv və nəzəri dövrü başa çatır, keyfiyyətcə yenilənmə və dəyişmə, legion ədəbiyyatı bu ədəbiyyatın tərkib hissəsi kimi alaraq monoqrafiyanın  bu üç istiqamətin çoxcəhətli şərhi əsasında bütöv simasını əyaniləşdirir, hər dövrün ədəbi, ictimai siyasi xadimlərinin irsi üzərində dayanır. Dördüncü mərhələni isə 60-cı illərdən 80-ci illərin sonuna qədərki dövr kimi səciyyələndirir. Ədəbi və elmi ictimaiyyətə məlum olan Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Y.V.Çəmənzəminli, Qurban Səid (Məhəmməd Əsəd bəy), Almaz İldırım, Ümmül Banin, C.Hacıbəyli kimi mühacir ədəbiyyatın böyük nümayəndələri ilə yanaşı, onların Əbdülvahab Yurdsevər, Hüseyn Baykara, Kərim Ödər, Kərim Yaycılı, Alazan Baycan, Abay Dağlı və Səməd Ağaoğlu kimi çiyindaşlarını oxuculara təqdim edir. Azərbaycanı xarici ölkələrdə təmsil edən on üçdən artıq məcmua və qəzetlərin adlarını çəkməklə mühacirlərin ideoloji bazasının təbliği işinə xidmətləri dəyərləndirilir. Gültəkin (Əmin Abid), Fuad Azquru, Əhməd Təkin, Abay Dağlı (Cəmil Ağayev) və Kərim Yaycılı kimi şairlərin poeziyasından nümunələr gətirərək şərh edir, legion ədəbiyyatının klassiki Qurban Səid-Məhəmməd Əsəd bəy və onun “Əli və Nino” romanının təhlilinə geniş oçerk yazıb, eləcə də otuzdan artıq legionçu yazar və publisistlərin adlarını sıralayır. 
Onun bu ədəbiyyatın ideya-siyasi və bədii məramına yekun sözləri böyük amalçılığın, ideal həqiqətin təntənəsini bəyan edir: “Sosializm realizm” arealında deyə bilinməyən ideya və düşüncələr, həqiqətlər mühacirət mətbuatında və ədəbiyyatında bu və ya digər şəkildə öz ifadəsini tapırdı. Mühacirətdə yaranan ədəbi-bədii nümunələrinin mövzu və problematikasını, əsasən, vətən, xalq, milli məfkurə barədə düşüncələr təşkil edirdi, bu da Azərbaycanın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəni sönməyə qoymurdu. Azadlığın, müstəqilliyin, milli ruhun Azərbaycan xalqının ideya-estetik, düşüncə-məfkurə yaddaşında yaşaması işində legion ədəbiyyatı özünəməxsus yer tutur”. Mühacirlərin düşüncə və ideallarının bətnindən doğulmuş legionçuların bütün ədəbi irsinin bu ədəbiyyatın ideya siqləti ilə üst-üstə düşməsini ilk dəfə bəyan edir və legion ədəbiyyatını mühacirət ədəbiyyatınln bir qolu kimi təhlilə cəlb edir. Bəli, bir daha görürük ki, professor Bədirxan Əhmədlinin dərslik yazması, ədəbi tənqidlə məşğul olması, doktorant və dissertantlara rəhbərlik etməsi, proqramlar hazırlaması, Müdafiə Şuralarında opponentlik etməsi və s. bizə ədəbiyyatşünaslıq elmimizin klassiklərini xatırladır; çoxşaxəlilik, monumentallıq, zəhmətsevərlik onun boynuna biçilmiş yarlıqlardır. 5 monoqrafiya, bir neçə kitab, 2 dərslik, proqramlar, yüzdən çox elmi, iki yüzdən artıq publisistik məqalələr müəllifinə indi bu yarlıqlar çox yaraşır, onu yaradıcılıq laboratoriyasına möhtəşəmlik qazandırır, hələ hərbi rütbəsini, Qarabağ müharibəsi veteranlığını, AYB və AJB üzvlüklərini də bu sıraya əlavə etmək olar.
“Bir kərə yüksələn bayraq bir daha enməz”, “Millətlərə istiqlal” başımız üstə hilal altında milli mücahidliyin əzəli və son manifesti üç formulada təzahür etdi. Və bu təzahürün gerçəkliyini sıralayan ictimai-fəlsəfi, siyasi və ədəbi frazalarda yazıya alınmış sayagəlməz məqalələr, monoqrafiyalar, kitablar... Lakin “Türkçülüyün üçlü formulu – nəzəri və tarixi aspektləri”  yuxarıda göstərilən müqəddəs amalların ədəbiyyatşünaslıq elmində mükəmməliklə ifadəsi – zənnimizcə, yeni hadisədir.
Kitabın ilk səhifəsi belə açılır: “Türk milli kimliyinin, ictimai şüurunun formalaşmasında davamlı, sistemli mücadilə aparan böyük düşünürlər – M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Gökalp və M.Ə.Rəsulzadənin əziz xatirəsinə ithaf edirəm”. Düşünmək olar: “Bədirxan müəllim Türkiyənin Qars Qafqaz Universitetində çalışmasaydı, bu mövzuda əsər yaza bilərdimi? – Bəli, amma bu çəkidə, bu təkmildə, bu türkçü mənəviyyatında yox. Bunu kitabın adı, bölmələrə və onlara məxsus yarlıqlara verilən başlıqlar, istinad olunan ədəbiyyatların genişliyi və özəlliyi, xüsusən də əsərin mükəmməl çəkərli üslubi məziyyəti də təsdiq etmədədir. Belə bir əsərə görə müəllifi xüsusi bir minnətdarlıqla təbrik etməyə dəyər.
Zamanlar boyunca müxtəlif cəmiyyətlərdə aydınlar tərəfindən müəyyən ideyalar yaradılıb, inkişaf etdirilərək müəyyən konsepsiya şəklinə düşüb. Təbii ki, hər ideya konsepsiya statusu qazana bilmir. Bunun üçün vaxt və zəminlik verən sosial-tarixi və münbit şərait lazım gəlir. O, “türkləşmək, müasirləşmək, islamlaşmaq” konsepsiyasının münbit zəminini elə mükəmməl dayaqlar əsasında şərh edib ki, onu ideoloji sistem kimi dövlətimizin rəmzlərində ifadə olunmasının nəticəsi kimi yekunlaşdırıb. B
Bu aspektdə İ.Qaspıralının “Dildə, fikirdə, işdə birlik” formulunun üçlü formulaya yaxın olmasına baxmayaraq, müəyyən dövr populyarlıq qazansa belə, heç bir türk dövlətinin,  xalqının ideoloji sisteminə çevrilmədiyini əsaslandıran alim bu üçlü formulu bir sistem kimi Z.Göyalpın formalaşdırdığını, Azərbaycan Cümhuriyyətinin ideologiyasına isə M.Ə.Rəsulzadənin gətirdiyini faktlarla təsdiq edir. Və bu yöndə əlavə olaraq bildirir ki, üçlü formul arayışları, istər-istəməz, turançılıq görüşlərini də doğurub və formalaşdırıb. Tədqiqatçı bu formula əsaslı və yanlış münasibətlər toplusuna aydınlıq gətirərək, onun ideoloqlarının ünvanlarına yönləndirilmiş ibarəli, gəlişigözəl sözlərlə yox, əsərlərinə istinadla münasibətini bildirir: “Üçlü formulun zaman-zaman yalnız Azərbaycanda deyil, bütün türk dünyasında bu və ya digər şəkildə mövcud olduğunu nəzərə alaraq, onu yalnız Azərbaycan coğrafiyasında yox, daha geniş kontekstdə araşdırmağa çalışdıq. Çünki formulu və onun ayrı-ayrı prinsiplərini milli arealda araşdırmaq və yaxud milli coğrafiyaya aid etmək yanlış nəticələrə gətirib çıxarır. Elə buna görədir ki, üçlü formulu o, əziz xatirəsinə ithaf etdiyi şəxsiyyətlərin hər birinin ayrı-ayrılıqda “türkləşmə, müasirlik, islamçılıq görüşlərinin izahı üzərində kökləyib”.

Bu formulların hər birinin izahı şərhi onun ideoloqlarının irsi üzərində təsbit olunmuş, onların yaşadığı məkanların ictimai-siyasi görüntüsü və bu fonda yaranan dərnəklər, partiyalar, birliklər, üzvlərinin fəaliyyəti elm fədaisinin milli vicdan ampluasında işıqlandırılır. Monoqrafiyanın tutumu o qədər dərin və genişdir ki, ayrıca tədqiqatın mövzusu olmasını şərtləndirir. Bunun üçün isə xüsusi hazırlıq mütləq vacibdir. Biz buna hazır deyilik. Sadəliyində böyüklüyün ağır yükü onun şəxsiyyəti ilə yaradıclığının timsalında, vəhdət fokusunda aydın görünür. Şəxsiyyətindəki xoş ovqat, səmimi, isti münasibət ürəkaçandır, yüksək erudisiya, daxili mədəniyyət, xeyirxahlıq, işgüzarlıq, mənəvi zənginlik gözəl insanlığının təcəssümüdür. Bu kiçik yazıda onun elmi yaradıcılığına yığcam münasibətimizi ifadə  etdik, yaradıcılığının digər sahələrinə toxuna bilmədik. Zənn edirik ki, bu kiçik yazıyla da olsa, onun böyük elm sahibliyini təsdiqləyə bilmişik; köklü-köməkli, qollu-budaqlı bir çinar görkəmində. Onun boy artımı ədəbi-elmi fikir sahibləri arasında aydın görünür. Bir də əslində, bu aydınlıq içində ictimai-mədəni, ədəbi-bədii fikrimizin görkəmli simasını – professor Bədirxan Əhmədlinin elmi portretinə işıq tutduq və aydınlar arasında aydın ünvanına “xoş gördük” söylədik. Və bu ovqat axarında ona cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq...

Əkbər Əlioğlu,
Filologiya üzrə fəlsəfə doktoru