Hədəf karbon emissiyalarını 40 faiz azaltmaqdır 

Ekologiya və ətraf mühitin mühafizəsi
İaşə obyektləri, avtomobil sahibləri məsuliyyətli olmalıdırlar 
Ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində bir sıra mühüm qərarlar qəbul olundu, iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfi razılaşdırılması mümkün oldu. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən təşəbbüslər irəli sürüldü. Qlobal miqyaslı sessiyanın keçirilməsində əsas hədəf atmosferə atılan zəhərli tullantıların miqdarının azaldılması, təmiz atmosfer, təmiz havaya nail olmaqla qlobal iqlim dəyişmələrinin mənfi fəsadlarını minimuma endirmək idi. Qeyd etməliyik ki, COP29-a ev sahibliyi edən ölkəmiz yürüdülən məqsədyönlü dövlət siyasəti nəticəsində bir çox məsələlərdə nümunəvi örnəklər ortaya qoyub. Ölkəyə elektrobusların gətirilməsi və elektrik avtobusları istehsalı zavodunun tikintisi, hibrid avtomobillərin idxalı və satışında tətbiq olunan güzəştlər bunlardan yalnız bir neçəsidir. Azərbaycanda 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürülüb. Dövlət qurumları atmosferə zəhərli tullantıların atılmasının azaldılması, ictimai nəqliyyatın və iaşə obyektlərinin ekologiyaya zərər vurmaması istiqamətində tədbirlərini davam etdirir. Bir neçə gün əvvəl 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda  növbəti monitorinqlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Xəmsə", "Ağ Çiçəyim", "Afrodita Palace", "Arzu", "Şahzadə", "Leyla Plaza”, "Kolissa Hall", "White Palace", "Qızıl Qaya", "Golden Baku", "Baku Castle", "Qəbələ-Xanlar”, "Xankəndi",  "Çətir", "Alaçatı Mood", "Kafe Faiq", "Tovuz Manqal", "3 Mərtəbə", "Sunrise”, “Neolit City”, “Sapfir”, “Great Events Hall”, “Orion”, “Movida Plaza”, “Bibi”, “Venesiya”, “Qəbələ”, “Ada Təpə”, “Maxara”, “Quzu Qabırğası”, “Xan Qızı”, “Səhər Mehi” və “Manqalüstü” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. "Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və  hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”. İctimai-iaşə obyektləri və restoran sahiblərindən obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək tələb olunur. Atmosferin zəhərli qazlarla çirklənməsində nəqliyyat vasitələrinin xüsusi çəkisinin olduğu nəzərə alınaraq qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən vaxtaşırı “Təmiz hava” aylığı keçirilir, müxtəlif ərazilərdə icra olunan reydlər zamanı avtomobillərin texniki göstəriciləri yoxlanır. Reydlər zamanı avtonəqliyyat vasitəsinə baxış keçirilir, avtonəqliyyat vasitələrinin mühərrikindən ayrılan zərərli maddələrin miqdarı ölçülür, maddələrin miqdarı normadan artıq olduqda həmin nəqliyyat vasitələrinin sürücüləri barədə protokol tərtib edilir və qanunamüvafiq tədbirlər görülür. Qeyd edildiyi kimi, “Təmiz hava” aylığının keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir. Baş Dövlət Yol Polisi İdarəsi də nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır. BDYP daim xəbərdarlıq edir ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada yaşı 15-dən az olanların 93 faizi, yəni 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır:
- Bu uşaqlardan 630 milyonunun yaşı beşdən aşağıdır. On nəfərdən təxminən doqquzu təhlükəli dərəcədə zəhərli hava udur və nəticədə hər il yeddi milyon adam vaxtından qabaq dünyasını dəyişir. Hava çirklənməsi xüsusilə uşaqlar üçün təhlükəlidir, dünyada yaşı beşdən aşağı olan hər 10 uşaq ölümündən birinin səbəbi məhz bu amildir. Yoxsul, az inkişaf etmiş ölkələrdə vəziyyət daha mürəkkəbdir. Sənaye müəssisələri, zavod, fabriklərin havaya buraxdığı zəhərli qazların miqdarını ölçən, buna nəzarət edən də yoxdur. Hər il dünyada kəskin respirator infeksiyalar nəticəsində iki milyon uşaq ölümü qeydə alınır. Bu göstəricinin yarısı qapalı yerlərdə hava çirklənməsi nəticəsi ilə bağlıdır. Paytaxtda neçə-neçə şadlıq sarayı, restoran havaya zərərli tullantılar ötürdüyünə görə hər dəfə cərimə edilir, amma vəziyyət yenə təkrarlanır. Bu iaşə obyektlərinə ciddi nəzarət olmalıdır. Tələb qoyulmalıdır qarşılarında,  obyektlərin təmizləyici qurğuları texniki standartlara cavab verməlidir, havaya ötürülən buxar, tüstü göstəriciləri normalara uyğun olmalıdır, havanın çirklənməsinin qarşısı alınmalıdır. AİB-nə sakinlərdən çoxsaylı şikayətlər daxil olur, yaşayış binalarının alt mərtəbələrində, binalara yaxın ərazilərdə yerləşən iaşə obyektlərinin havaya ötürdüyü tüstüdən, zərərli havadan şikayət edirlər. Həmçinin, bu gün paytaxtda ictimai nəqliyyatda atmosferə zərərli qazlar ötürən, havanı çirkləndirən sərnişinləri də narahat edən köhnə, istismar müddətini başa vurmuş avtobuslar, köhnə avtomobillər var. Onların mühərrikindən havaya qap-qara tüstü qalxır. Bu, əlbəttə, paytaxtın havasını çirkləndirir, ekologiyaya, vətəndaşlara ziyan vurur.       
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin məlumatında qeyd olunur ki, bu tendensiyaların qarşısını almaq üçün ekoloji təmiz avtomobillərə mərhələlərlə vergi və gömrük güzəştləri tətbiq olunur. Hazırda bütün elektrik mühərrikli avtomobillər, yaşı üç ilə qədər olan və mühərrik həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillər, ikinci, üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azaddır. İstehsal tarixi üç ilə qədər olan elektrik mühərrikli avtomobillər və enerji doldurucuları əlavə olaraq gömrük rüsumundan da azad edilib. Bu güzəştlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Ekoloji təmiz nəqliyyat vasitələrinin təşviq olunması ilə paralel, köhnə nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması istiqamətində qərarlar qəbul olunur.  Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli Qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılıb. Qərarın əsas məqsədi köhnə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması, insanların həyat və sağlamlığının qorunması, ekoloji təmiz olan hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsinin stimullaşdırılması və ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Eyni zamanda, köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası mexanizminin qurulması üzrə sənədlər toplusu hazırlanıb. Utilizasiya mexanizminin tətbiqi ilə bağlı “İstehsalat və məişət tullantıları haqqında” Qanunda dəyişiklik edilib. Hazırda digər ikinci dərəcəli qanunvericilik aktları hazırlanır. Utilizasiya mexanizminin tətbiqində əsas məqsəd nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılması, köhnə nəqliyyat parkının yenilənməsi, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və yeni xammal mənbələri yaratmaqla təbii sərvətlərdən səmərəli istifadəni təmin etməkdir. Həmçinin, “Azərbaycan Respublikasında atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dair 2023-30-cu illər üçün Dövlət Proqramı” layihəsi hazırlanıb. Proqram çərçivəsində atmosfer havasının monitorinqi, uçot və hesabatlılığın, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, stasionar və səyyar mənbələrdən atmosferə atılan tullantıların azaldılması, iqlim dəyişmələrinə adaptasiya tədbirləri, o cümlədən təhlükəli iqlim hadisələrinə qarşı erkən xəbərdarlıq sisteminin qurulması, potensialın artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda atmosfer havasının çirklənməsi üzrə avtomatik monitorinq şəbəkəsinin və vahid məlumat bazasının genişləndirilməsi, elektromobillik üzrə Milli Planın hazırlanması, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılması və zəruri infrastrukturun yaradılması nəzərdə tutulur. Görüləcək tədbirlər atmosfer havasının monitorinqi şəbəkəsinin avtomatlaşdırılma səviyyəsinin 87 faizə çatdırılması, istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması, ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi, ekoloji təmiz və təhlükəsiz yeni nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artmasına səbəb olacaq.