ETİRAZ: “Tras”larda işıqlar niyə yanmır ? – Ətraflı izah

Elməddin Muradlı: “Köhnə işıq dirəklərində indi quşlar yuva qurub. Yol-nəqliyyat qəzalarının səbəbləri arasında işıqlandırma sistemi başlıca yer tutur”

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova magistral yollardakı bərbad durumdan yazıb. Status paylaşan birlik sədri Gəncə-Qazax yolunda işıqlandırma sisteminin olmadığını qeyd edib

“İki gun bundan əvvəl “İpək yolu” ilə Gəncəyə gedirdim. Gəncə-Qazax yolu boyunca küçələrdə bir dənə də olsun işıq yanmırdı. Hacıqabuldan o tərəfə də bir işıq yanmır. Səhər bütün günü iclasda olduğum üçün axşam tərəfi yola çıxdım və məhz o işıqsızlığa görə, 4 saatlıq yolu 6 saata çatdım. Baxmayaraq ki, yol iki tərəflidir, amma bu, təhlükəni azaltmır.

Əgər yol bir xətt və iktərəfli olsa nə baş verər? Ümumiyyətlə, eyni hal bir çox rayonlara gedən yollarda mövcuddur. Ya görürsən günün günorta çağı işıqlar yanır, ya da gecə işıqsız yollarla hərəkət etməli olursan. Düşünürəm ki, qəzaların bir səbəbi də məhz işıqların yanmamasıdır”. 

Qeyd edək ki, M.Zeynalova həm də sürücü xanım kimi fikrini bildirib. Və deyib ki, qəzalarda sürücüləri qınamaqdansa, bir az da yol boyu işıqların yanmadığını dilə gətirin:

- “Tras”larda işıqlar niyə yanmır? Göz-gözü görməyəndə qəza da olacaq. 

Yollarda işıqlandırma sisteminin olmaması sürücüləri narahat edən əsas problemdir.

Avtosfer.az. saytının baş redaktoru Elməddin Muradlı “Sherg.az”a açıqlamasında paytaxt və respublika əhəmiyyətli yollarda işıqlandırma sisteminini həqiqətən də bərbad olduğunu təsdiqlədi

Yollarda işıqlandırma sistemi nəinki yenidən qurulmayıb, hətta sovet vaxtında mövcud olmuş sistem də dağıdılıb. Köhnə işıq dirəklərində indi quşlar yuva qurub. Yol-nəqliyyat qəzalarının səbəbləri arasında işıqlandırma sistemi başlıca yer tutur. Bütün sürücülər peşəkar deyil.

Gecə saatlarında hərəkət edən sürücülər işıqlandırma sisteminin olmaması səbəbindən real qəza vəziyyətiylə üzləşirlər. Yolların işıqlandırılması ilə bağlı ciddi düşünülməlidir.

Magistral yollar çəkilir, dövlət büdcəsindən yol çəkilişlərinə bu qədər vəsait ayrılır, amma işıqlandırma sistemini düşünən yoxdu. Gürcüstanda bütün yollar gecə-gündüz işıqlandırılır.

Bizdə isə, hətta paytaxtda da gecə saatlarında yolkənarı işıqlar yanmır. Qeyd edim ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramı təsdiqlənib. Dövlət Proqramında işıqlandırma sisteminin yenidənqurulması da əksini tapıb.

Ümid edək ki, proqramın icrası problemləri aradan qaldırar