Bizi gözləyirlər...

Soydaşlarımızı erməni girovluğundan xilas etməliyik

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinin üzərinə fasilə vermədən getməliyik


Pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib. PA rəsmisi bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır:

“Ermənistanın və işğal olunmuş ərazilərdəki həbsxana şəraitində, penitensiar müəssisələrdə qanunsuz saxlanılan soydaşlarımızın səhhəti ciddi müzakirə mövzusudur. İstisna deyil ki, Ermənistanın bu saxlama müəssisələrində koronavirusla bağlı acınacaqlı bir vəziyyət hökm sürür”. H.Hacıyev bəyan edib ki, Azərbaycan tərəfi soydaşlarımızla bağlı məsələni həmişə gündəmdə saxlayır. Onun sözlərinə görə, hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar məlumatları Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə alırıq: “Ancaq hər fürsətdə Minsk Qrupunun həmsədrləri qarşısında daim məsələ qaldırırıq ki, onların azad olunması təmin olunsun”. 

Girovlarımızın səhhəti ilə bağlı yaranmış narahatlığı “Şərq”ə dəyərləndirən AMİP rəsmisi, politoloq Əli Orucov xatırladıb ki, 6 ildən çoxdur erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin “günahı”ı doğma torpaqlarına getməkdir. Siyasi şərhçinin sözlərinə görə, girovlarımızın erməni quldurları tərəfindən ağır işgəncələrə məruz qalması heç kimə sirr deyil:

“Ötən illər ərzində hər iki şəxsin azad edilməsi istiqamətində müxtəlif metodlar müzakirə olunub, cəhdlər edilib. Əfsuslar olsun ki, müsbət nəticə yoxdur. Dilqəm Əsgərov Rusiya vətəndaşı olduğu üçün dəfələrlə məsələ qaldırmışıq ki, Moskva öz vətəndaşının azadlığı istiqamətində addım atsın. Ancaq aydın olur ki, azərbaycanlı faktoruna görə, Rusiyanın müvafiq qurumları bu işdə maraqlı deyil. Kreml uydurma təşəbbüs belə göstərməyə ehtiyac duymur. Beynəlxalq təşkilatlar məsələni diqqətlə izləsələr də, birbaşa müdaxilə edə bilmirlər. Onların da gücsüzlüyü, çarəsizliyi ortaya çıxır. Hazırkı duruma görə ən ümidverici məqam əsir və girovların “hamının hamıya” prinsipi ilə qarşılıqlı dəyişdirilməsidir. Bir müddət öncə Ermənistan rəsmiləri ilə müəyyən müzakirələr aparıldı, hətta ilkin razılaşma da əldə olundu. Lakin Qarabağ separatçıları İrəvanın təklifindən imtina etdilər və bəhanə gətirdilər ki, girovlar azad olunacağı təqdirdə hər ikisi Azərbaycanda qəhrəman kimi qarşılanacaq və s”. 

Ə.Orucov vurğulayıb ki, girovların azadlığı məsələsi humanitar təşkilatlar və beynəlxalq qurumlar qarşısında qaldırılsa da, hələlik müsbət nəticə yoxdur:

“Görünür, məsələnin üzərinə daha ciddi və fasilə vermədən getməliyik. Məsələn, ATƏT-in Minsk Qrupu, həmsədrlər qarşısında şərt qoyulmalıdır ki, danışıqların davam etdirilməsi üçün D.Əsgərov və Ş.Quliyev dərhal azad edilməli, bunun üçün Ermənistana təzyiq edilməlidir. Əks təqdirdə heç bir təmasa, görüş və müzakirələrə razılıq verilməməlidir.

Düşmənə qarşı bütün təzyiq vasitələrindən istifadə etməliyik ki, tezliklə hər iki soydaşımızı erməni girovluğundan xilas edə bilək”.