Rəngli maskalar bizi virusdan qorumur

Ən yaxşısı filtrli respirator maskalardan istifadə etməkdir

Koronavirusdan qorunmağın ən effektiv yolu maska taxmaqdır. Maskalar bizi 90 faiz virusdan qoruyur. Lakin ondan düzgün qaydada istifadə etmək lazımdır. Əks halda virusdan qorunmaq adı ilə digər ciddi xəstəliklər yaşaya bilərik. Maska tərkibindəki kimyəvi maddələrə görə bədənimizdə allergiyaya səbəb olur.

Bunu türkiyəli həkim Kübra Topal maskalar haqqında danışarkən qeyd edib. Onun sözlərinə görə, maskadan düzgün istifadə etməmək qaşınma, eqzama, qızartı kimi hallara gətirib çıxarır.



Həkim-allerqoloq Şahvələd Məmmədov "Şərq"ə bu məsələ ilə əlaqədar danışarkən bildirib ki, filtrli respirator maskalardan istifadə etmək daha təhlükəsizdir:

"İnsanların bir qismi rəngli, qaşlı, bəzək-düzəkli maskalardan aksesuar kimi istifadə edir. Amma unutmaq olmaz ki, maska taxmağımızın yalnız bir məqsədi var,  o da koronavirusdan qorunmaqdır.

Aksesuar olaraq taxılan rəngli maskalar bizi virusdan qorumur. Əksinə, virusa daha da yaxınlaşdırır. Əgər özünüzü virusdan müdafiə etmək məqsədilə maska taxırsınızsa, filtrli respiratorlardan istifadə edin.

Digər maskalar çox nazikdir. Gərək onlardan 2-3 ədəd taxılsın ki, insanlar özlərini virusdan qoruya bilsin. Lakin filtrli maskalar olduqca effektivdir".

Həkim eyni zamanda maskaların başqa problemlərə yol açmağı barədə də danışıb:

"Ölkəmizdə istehsal olunan maskalar tam təhlükəsizdir. Çünki steril qaydada hazırlanır. Maskalar haqqında deyilən xəbərlərin əksəriyyəti yalandır".