“Ermənilər
və başqa qüvvələr dəhlizin açılmasının qarşısını almağa çalışırlar”
“Lakin Azərbaycan dövlətinin qətiyyəti ortadadır. Odur ki, Zəngəzur dəhlizi açılacaq”
“Ermənistandakı seçkilər bitdikdən, siyasi hakimiyyət yenidən formalaşandan sonra mühüm dəyişikliklər olacaq, yollar açılacaq”
Məlum olduğu kimi, siyasi gündəm olduqca zəngindir. Azərbaycanın parlaq qələbəsindən sonra baş verənlər onu göstərir ki, hələ bundan sonra görüləsi çox işlərimiz, həll ediləsi çox məsələlərimiz var. Ölkəmizə olan ard-arda səfərlər, telefon zəngləri diplomatik müstəvidəki dinamikliyi günü-gündən artırır.
“Sherg.az” olaraq keçmiş spiker Yaqub Məmmədovla son hadisələr barədə həmsöhbət olduq:
-Bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə ölkəmizə gələcək. Onun bu səfərini necə qiymətləndirirsiniz?
-Əlbəttə, çox əhəmiyyətlidir. Sözügedən səfər siyasi, iqtisadi, sosial cəhətdən mühümdür. Ümumiyyətlə, Qarabağın azad edilməsində qardaş ölkənin müstəsna rolu var.
-Ölkəmizə qarşı həyata keçirilən təxribatlar, o cümlədən Gürcüstandakı toqquşma barədə nə düşünürsünüz?
-Hələ bir müddət belə olacaq, yəni təxribatlar təkrarlanacaq. Ancaq heç bir cəhd üçtərəfli razılaşmada əksini tapmış müddəaların yerinə yetirilməsinə mane ola bilməz. Təxribatlara səbəb olan başqa məqamlar da var.
-Məsələn?
-Ermənistandakı daxili vəziyyət belə hadisələrə zəmin yaradır. İndi düşmən ölkədə seçkilər ərəfəsidir və rəqiblər qalib gəlməkdən ötrü müxtəlif bəyanatlar səsləndirirlər.
-Zəngəzur dəhlizinin taleyi necə olacaq?
-Düzdür, ermənilər və başqa qüvvələr bunun qarşısını almağa çalışırlar. Lakin Azərbaycan dövlətinin qətiyyəti ortadadır. Odur ki, Zəngəzur dəhlizi açılacaq. Ermənistandakı seçkilər bitdikdən, siyasi hakimiyyət yenidən formalaşandan sonra mühüm dəyişikliklər olacaq, yollar açılacaq.