Gənclər "ölüm ayağında"dır

Narkomaniya ilə mübarizə necə aparılmalıdır?

Bu insanlar islah olunmayıb, özlərini zəhərləməklə kifayətlənmir, hörümçək toru kimi şəbəkə yaradıb zəhəri cəmiyyətə yayırlar

Təcrübə göstərir ki, imkanlı şəxslərlə yanaşı, həm də işsiz, yoxsul gənclər narkomaniyaya meyil edirlər. Buna görə də dövlət gənclərin məşğulluğunun qeydinə qalmalıdır

Qonşuluqda ailə yaşayır. Tipik Azərbaycan ailəsi: ata, ana, 3 övlad. 3-ü də oğlan. “İlk baxışda normal bir ailədir”, filan… deməyə artıq ehtiyac yoxdur, çünki bütün qonşular oğlanlardan birinin narkotik maddə aludəçisi olduğunu illərdir ki, bilir. O evdə ailə dramı yaşanır. Aludəçi oğlan, texnikumda təhsil aldığı vaxt bir qızla tanış oldu, qolundan tutdu, gətirdi evə ki evlənirəm. Valideynləri də həyatda özünü müsbət mənada təsdiqləməmiş oğullarına toy etdilər. Halbuki, evlənməmişdən də bu oğlanın “az aşın duzu” olmadığı məlum idi.

Oğlan evləndisə də, gözəl bir qız övladı dünyaya gəldisə də, şakərindən əl çəkmədi. Ailədə daim söz-söhbət. Həyat yoldaşı gah atasının evinə gedir, bir müddət sonra  əlacsız qalıb qayıdırdı. Qonşulardan kiminin həyətindən, evindən bir əşya oğurlanırdısa, hamı əminliklə məhz o oğlanın “işi” olduğunu deyirdi. Belə də deyirdilər: “vaxtı” gələndə, dəliyə dönür də, ata-ana da tanımır, pul axtarır ki, zəhrimarı alıb vursun. Pul da yox, onun-bunun həyətinə girib oğurluq edir”. Təsəvvür edin ki, evlərin qarşısında dayanmış avtomobilləri günün günorta çağı soyurdu bu adam. Qonşular vəziyyətə bələd olduqlarından avtomobillərini qapıda saxlamaqdan çəkinirdilər, gələn qonaqları da xəbərdar edirdilər. Valideynləri, bir çox digər valideynlər kimi dəfələrlə övladlarını öz əlləri ilə polisə təslim edirdilər, bir neçə gündən sonra qayıdıb gəlirdi, yenə öz “işinə” davam edirdi. Belə param-parça bir həyat. Onu sahə müvəkkili də yaxşı tanıyır, polis şöbəsinin əməkdaşları da. Son vaxtlar, deyirlər, biləyinə elektron qolbaq taxılıb. Nəzarətdə olsun deyə. Bilmirəm, elektron qolbağın faydasıdır, yoxsa qonşular daha ayıq-sayıqdılar, son zamanlar həyətlərdən, mənzillərdən oğurluq edilmir. Daimi olsun, təki. 
Milli Məclisdə deputat Bəhruz Məhərrəmov patı təhlükəsindən danışanda, ardınca da Daxili işlər naziri Vilayət Eyvazov “narkotiklərin ölkəyə gətirilməsi cəhdləri çoxalıb” deyəndə bu oğlanın timsalında neçə-neçə gəncimizin həyatın dibinə endiyi acı həqiqət kimi göz önündə canlandı.  
Nazir də təhlükənin miqyasını göstərdi

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilir ki, DİN-də 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclası keçirilib. İclasda nazir, general-polkovnik Vilayət Eyvazov bir çox məsələlərdən, o cümlədən cinayətkarlıqla mübarizə tədbirlərindən danışıb və qeyd edib ki, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitki aşkarlanaraq  məhv edilib. Ayrıca olaraq narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov  qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib. 

“Şüşə", yaxud “patı” deyilən maddənin istifadəsi o qədər adiləşib ki...” 

"Məni narahat edən digər məqam, Azərbaycanda ucuz hər kəs üçün əlçatan olduğu üçün daha  təhlükəli olan narkotik vasitələrin yayılması ilə bağlıdır".  Bu isə deputat Bəhruz Məhərrəmovun parlamentdə çıxışındandır. Deputat çıxışında qeyd edib ki, bu gün gənclər arasında "şüşə", yaxud "patı" deyilən maddənin istifadəsi o qədər adiləşib ki, insan özü təəccüb qalır:  Mən dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin məsələ köklü həll edilməlidir. Biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhədini rahat keçə bilir? Niyə bir dəfə biri öz ölkəsinin sərhədini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlamır? Bütün bunlar deməyə əsas verir ki, etsək etsək, bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə  dəyməz".  Deputat əlavə edib ki, düzdür, cəzanı sərtləşdirmək həmişə effekt vermir, amma biz digər tədbirlər fonunda cinayət qanunvericiliyində 234-cü maddəni, habelə, narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyaları çox ciddi formada sərtləşdirilməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi, yaxud vətəndaş üçün qorxulu bir hüquqi zonaya çevrilsin.
Yollar da, üsullar da müxtəlifdir

Millət vəkilinin söylədikləri həqiqətdir. Eyni zamanda narkotik maddə həm də ölkə daxilində becərilir və satılır. Üzərində narkotik maddə aşkarlanan şəxslər, həyətyanı sahələrdə becərilən narkotik tərkibli bitkilərin məhv edilməsinə dair məlumatlar vaxtaşırı  ictimaiyyətə açıqlanır. Əkib-becərənlər, satanlar arasında məhkumluq həyatı  yaşamış şəxslər də var.

Demək, bu insanlar islah olunmayıb, özlərini zəhərləməklə kifayətlənmir, hörümçək toru kimi şəbəkə yaradıb zəhəri cəmiyyətə yayırlar. Həm nazirin, həm də millət vəkili Bəhruz Məhərrəmovun  xatırlatdığımız çıxışı “ölkədə narkotik maddələr necə yayılır” sualının cavabıdır. Sadə, lakin qorxunc cavab: xarici ölkələrdən, qanunsuz şəkildə, qaçaqmalçılıq yoluyla ölkəyə gətirilir, ölkə daxilində əkilib-becərilir, sosial şəbəkə üzərindən reklam olunur – müxtəlif videolar, hətta musiqi, mahnı janrında paylaşımlarla, həmçinin onlayn satış vasitəsilə. Görünür, məhz bu faktları nəzərə alaraq nazir V.Eyvazov çıxışı zamanı bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən blogerlərdən daha böyük fəallıq gözləntilərinin olduğunu qeyd edib.
Uşaqlara məşğuliyyət verək, narkotikdən imtina etsinlər

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, narkotiklərlə mübarizədə bütün cəmiyyət iştirak etməlidir: 

- Valideynin polisə zəng edib övladını tutdurmasıyla nəticə əldə etmək mümkün olmayacaq. Mövcud qanunvericilik narkotik maddə istifadəçisinin məsuliyyətə cəlb edilməsinə hüquqi əsas vermir. Valideynlər övladlarını polisə tutdurmaqdansa, narkotik maddəni kimdən, haradan satın aldığını bilməlidirlər. Polis də narkotik maddə asılılığı olan şəxsdən bu məlumatı əldə etməyə çalışmalıdır. Bu yolla narkotik maddələrin ticarətinin qarşısı müəyyən qədər alına bilər. Yoxsa ki, narkotik maddə istifadəçisini tutub 2-3 gün şöbədə saxlamaqla heç nəyə nail olmayacağıq. Əsas, satanlar tutulmalıdır. Sosial şəbəkələr üzərindən satış həyata keçirilir. Bu şəxslər aşkarlanmalıdır. Uşaqlara nəzarət mexanizmi olmalıdır. Uşaqların, yeniyetmələrin asudə vaxtının, məşğuliyyətlərinin  təşkili vacibdir. Biz sığınacağı tərk edən analardan soruşuruq, burdan gedirsiniz, uşağa nəzarət edə biləcəksinizmi? Çoxu bildirir ki, işləyəcək. İş saatı ərzində uşaq necə olacaq, kim baxacaq, bilinmir. Bu məsələlər həllini gözləyən problemlərdir. İşləyən anaların övladlarının asudə vaxtının səmərəli keçirilməsi üçün xüsusi layihələr icra olunmalıdır. Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin nəzdində “Günərzi” mərkəzi yaradıldı. Amma hazırda mərkəz işləmir, fəaliyyət göstərmir. Belə mərkəzlər daim fəaliyyətdə olmalı və sayları çoxalmalıdır. Yeniyetmələrin ideoloji tərbiyəsinin düzgün istiqamətdə aparılması vacibdir. Uşaqlar, yeniyetmələr bəzən ümidsizliyə qapılır, potensiallarını, bacarıqlarını realizə edə bilmir. Kənardan bir nəfər də narkotik maddə təklif edəndə ona tabe olurlar. Başqa məşğuliyyət yoxdur çünki. Uşaqların, yeniyetmələrin maraq dairəsinə uyğun, onlara öz bacarıqlarını nümayiş etdirmək imkanı verən layihələr, yarışlar, müsabiqələr təşkil edilməlidir. Bizə dövrə, mövcud duruma  uyğun dəyişən çevik sosial siyasət lazımdır.  Bununla biz uşaqlarımızı, gəncləri xilas edə bilərik. M.Zeynalova narkomaniyaya qarşı hazırlanan sosial reklamlara da toxundu:

- Hazırda bu səpkili sosial çarxlar çoxdur. Lakin reklamların məzmunu ciddi araşdırılmalıdır ki, bunlar cəlbedici, yoxsa itələyici effektə malikdir. Bəzən reklam çarxında qara çərçivədə verilən “narkotik!” ifadəsi daha çox cəlbedici görünür, nəinki aşağıda qeyd edilən “həyatını söndürmə!” ifadəsi. Sosial reklamların təsir effekti yoxlanmalıdır.  

Pessimizmə qapılanları xilas etməliyik

“Yeni sabah” informasiya saytının baş redaktoru, jurnalist Seymur Verdizadə “Şərq”ə açıqlamasında narkomaniya ilə təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin bütün təbəqələrinin mübarizə aparmalı olduğunu dedi: 

- Təcrübə göstərir ki, imkanlı şəxslərlə yanaşı, həm də işsiz, yoxsul gənclər narkomaniyaya meyil edirlər. Buna görə də dövlət gənclərin məşğulluğunun qeydinə qalmalıdır. Yeni iş yerlərinin açılmasına çalışmaq, bunu prioritet vəzifə elan etmək lazımdır. İşsiz, cibində 1 qara qəpiyi olmayan adamlar istər-istəməz əyri yola düşəcək, oğurluq edəcək, daha asan pul qazanmaq haqda düşünəcək. Buna görə də gənclərin öz bacarıqları hesabına pul qazanmasına şərait yaradılmalıdır. Dövlət qurumlarındakı vakant yerlər gizlədilməməli, ehtiyacı olanların ixtiyarına verilməlidir. İctimai qınaq gücləndirilməlidir. Bu cür yaramaz əməllərə görə “içəri” düşən adamların azadlığa gedən yolu uzun olmalıdır. Əmələ adekvat cəza olmalıdır. Narkotik maddələrin satışına görə həbs olunan şəxslərin cəzalarnın azaldılmasına, yaxud hansısa yüngülləşdirici səbəblərlə əfv edilməsinə yol verilməməlidir. İnsanlar bu əməlin cəzasının ağır olduğunu anlamalı, bu işdən çəkinməlidirlər. Cəmiyyətdə sağlam rəqabət mühiti olmalıdır. Heç bir gənc “onsuz da atamın pulu yoxdur, qabağa gedə bilməyəcəm”, düşüncəsi ilə hərəkət etməməlidir. Bu cür pessimizm insanlarda xəyal qırıqlığı yaradır, onları yarıqapalı həyata sürükləyir.  “Arxalı”lar, pullular deyil, savadlı, qabiliyyətli gənclər önə çəkilməlidir. Hesab edirəm ki, ədalətli cəmiyyət qurmaqla gənclərimizin daha faydalı işlərlə məşğul olmasını sürətləndirə bilərik.