"Əfqanıstanda nə baş verirsə, bundan ən çox təsirlənən sərhəd ölkə Pakistandır".
APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Əfqanıstandakı vəziyyətə münasibət bildirərkən deyib.
"Pakistan Əfqanıstanla qonşudur. Əfqanıstanda nə baş verirsə bundan ən çox təsirlənən sərhəd ölkə Pakistandır. Pakistan hər zaman Əfqanıstanda uzun müddətdir ki davam edən münaqişənin siyasi yolla həll olunmasını dəstəkləyib, vurğulayıb".
Diplomat bildirib ki, Pakistan Əfqanıstanla sərhədləri bağlasa idi, bu müvəqqəti idi lakin artıq sərhədlər açıqdır. "Bizim əsas hədəfimiz və gözləntimiz odur ki, sərhəddən idarə olunmayan, qeyri-leqal köç və hərəkət olmasın."
Pakistan Əfqanıstanda tərəflər arasında barışığın və sülhün əldə olunmasına vasitəçilik etməyə hazır və sadiq olaraq qalır. Pakistan keçmişdə Əfqanıstandan olan qaçqınlara ev sahibliyi edib, sığınacaq verib. Təbii ki, əgər ehtiyac olarsa, Pakistan bu istiqamətdə əlindən gələn köməyi edəcək və əfqanıstanlı qaçqınlara yardım edəcək. Lakin biz inanırıq ki, Əfqanıstandakı tərəflər hər iki tərəf üçün keçərli və faydalı həll yolu tapa biləcək. Çünki Əfqanıstanda sülh həm Mərkəzi Asiyada, həm də Cənubi Asiyada sülh deməkdir. Biz Əfqanıstandakı bacı və qardaşlarımıza sülh və sabitlik arzulayırıq. Bu gün bütün gözlər Əfqanıstandadır, ümid edirik ki, yaxın zamanda tərəflər ölkə üçün keçərli siyasi həll yolu tapa biləcəklər".