Sağlam gələcək üçün çalışırıq

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Elnur Məmmədli deyir ki, regionlarda çox güclü idmançılar yetişir

Yaxşı əsgər odur ki, general olmaq istəyir. Eyni prinsip, yəqin ki, idmançılara da aid edilə bilər. Hər idmançı istər ki, qızıl medal qazansın, Olimpiya, dünya çempionu olsun. Pyedesdalın 1-ci pilləsində qürurla dayansın. Onun – Vətəninin şərəfinə dövlət himni səslənsin. Hamı ona görə ayağa qalxsın! İdmançılar bu arzularla mübarizə meydanına çıxır. Qalib də olur, məğlub da. Qalibiyyətlər bəzən davamlı, bəzən fasiləli, bəzən də yalnız bircə dəfə qismət olur idmançılara. Hər biri gözəldir. Qürurvericidir. Bircə dəfə dövlət bayrağının yüksəlməsinə baxmaq, səslənən dövlət himnini əlini sinənə qoyaraq pıçıldamaqdan böyük xoşbəxtlik yoxdur, idmançılar üçün. Azərbaycanın son illərdə idman sahəsində qazandığı uğurlar hesabagəlməz. Neçə-neçə dünya, olimpiya, Avropa çempionlarımız yetişdi, son 20-25 ildə. Əlbəttə, bunun başlıca səbəbi idmana dövlət səviyyəsində yüksək qayğının göstərilməsidir. Hazırda Olimpiya idman mərkəzi, idman zalları, meydançaları olmayan bir region, şəhər tapmaq qeyri-mümkündür. İdman mərkəzlərinin tikintisinə dövlət büdcəsindən vəsait ayrılır, idmançıların fəaliyyəti üçün bütün lazımi şərait yaradılır. Azərbaycan Respublikasının Prezidenti eyni zamanda Milli Olimpiya Komitəsinin prezidentidir. Və cənab Prezidentin idmana xüsusi maraq və qayğı göstərdiyi də aparılan siyasətlə təsdiqini tapır. Prezident İlham Əliyev Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarında müvəffəqiyyət qazanmış Azərbaycan idmançılarının təltif edilməsi haqqında elə bu günlərdə bir neçə sərəncam imzaladı. Sərəncamlar həm təltiflərlə, həm də mükafatlandırma ilə bağlı idi; “Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında”, “Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında” sərəncamlardır. Olimpiyaçılarımız həm müəyyən məbləğdə pul mükafatı ilə, həm də orden və medallarla təltif edildilər. Aydın məsələdir ki, təltiflər qazanılmış uğuru dəyərləndirməklə yanaşı, idmançıları, onların məşqçilərini həvəsləndirmək məqsədi də daşıyır. Bu, həm də gələcəyə hesablanmış addımdır. Bu günün yeniyetməsi sabahın olimpiya çempionu ola bilər. Olimpiadada qazanılan uğurlar və dövlət başçısı tərəfindən idmançılarımızın təltif edilməsi yeniyetmələrin də idmana həvəsini artırır. Amma əlbəttə, idmana təkcə qızıl medallar qazanmaq vasitəsi kimi baxılmamalıdır. İdmanın ümumilikdə sağlamlığa müsbət təsiri təkzibolunmaz həqiqətdir, xüsusən də uşaq və gənclərin fiziki inkişafında idmanın əhəmiyyəti danılmazdır. Buna görədir ki, Olimpiya mərkəzləri ilə yanaşı ölkədə uşaq idman klubları da fəaliyyət göstərir. Azərbaycan dövləti idmanı inkişaf etdirməklə uşaqların fiziki inkişafını təmin edir, həmçinin gələcəkdə dövlətimizi, Vətənimizi layiqincə təmsil etmək üçün onlara yol açır. Yaradılan imkanlardan necə istifadə edilməlidir ki, dövlətin qarşıya qoyduğu məqsədə nail olunsun?

Cüdo üzrə Olimpiya çempionu, Cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli “Şərq”ə açıqlamasında hazırda yeniyetmə idmançılarla daha aktiv məşqlər aparıldığını, onların peşəkar idmançı kimi yetişmələrinə diqqət edildiyini söylədi:



- Cənab Prezident olimpiyaçılarımızı təltif etdi. Bu, əlbəttə ki, bütün idmançıları sevindirir, cənab Prezidentin timsalında dövlətimizin Azərbaycan idmanına və idmançılara verdiyi yüksək dəyəri təsdiq edir. Doğrudur, Tokio Olimpiadasında qızıl medalımız olmadı. Amma ümumi hesabda qazanılmış medallarımız var. Gümüş, bürünc medallar. İdman həm də sürprizləri sevir. Hansısa yarışda uğur qazanan idmançı ən müxtəlif səbəblərdən bəzən uğurunu təkrarlaya bilmir. Ona görə də biz heç kəsi qınamamalıyıq. İrəliyə baxmalıyıq və Paris Olimpiadasına hazırlıqlarımızı davam etdirməliyik. Bunun üçün biz daha çox yeniyetmələrlə çalışırıq. Öz adımdan deyə bilərəm ki, demək olar, hər regionda cüdo idman klubları var. Və bu klublarda çox istedadlı, güclü idmançılar yetişməkdədir. İdman həm də pis vərdişlərdən qoruyur. Diqqətdə qalan uşaqların, yeniyetmələrin mənfi vərdişlərə aludə olması, qeyri-sağlam həyat tərzinə qurşanması asandır. Gərək yeniyetmələri qoruyaq ki, sağlam gələcəyimiz olsun. Bunun ən üstün yollarından biri isə məhz idmandır. İdman fiziki sağlamlıq olmaqla yanaşı mənəvi sağlamlığı da təmin edir. Bunu nəzərə alaraq çalışırıq daha çox yeniyetmələrlə işləyək, onları gələcəyə hazırlayaq. Gənclərimiz artıq yetişib. İnanıram ki, 2024-cü ildə Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında bugünki yeniyetmələr Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlar.

Yazı Azərbaycan Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb