Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-İran sərhədinə baş çəkib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Nazir helikopterlə sərhəd xəttindəki vəziyyətlə tanış olub. Sonra nəzarət-müşahidə məntəqələri ilə tanış olan nazir əsgərlərlə görüşüb. H.Akar hərbçilərə Türkiyə bayrağını təqdim edib.
Görüşdə, həmçinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Musa Avsever iştirak edib.
BDU-nun müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Sultan Zahidov bu barədə “Sherg.az”a danışdı:
“İran tərəfindən birbaşa təxribatın olacağına inanmıram. Amma cənub qonşumuz Əfqanıstanda Talibanın qüvvətlənməsindən istifadə edərək Türkiyəyə təhdid yarada bilər. Belə ki, İranın daxildəki terrorçuların Türkiyəyə daxil olmasına və orada terror törətməsinə şərait yaratması istisna deyil. Əlbəttə, Tehran bu məsələdə “saman altdan su yeritməyə”, adının hallanmamasına çalışacaq. Tərəflər arasında bəzi məsələlərdə, xüsusilə Cənubi Qafqaz və Suriyadakı durumla bağlı fikir ayrılığının olması məlumdur. Ona görə də İran Talibanın Əfqanıstanda möhkəmlənməsi nəticəsində regionda fundamentalizmin formalaşmasından mümkün qədər istifadə etməyə çalışacaq. Terrorçuların hakimiyyətin nəzarətindənkənar Türkiyəyə daxil olması ehtimalı azdır. Amma dediyim kimi, təhdid var. Odur ki, nəzarət-müşahidə məntəqələrinə diqqət artırılır”.