Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) tərkibində 17 dövlət qurmunun təmsil olunduğu intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupun üzvlərinin Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri ilə görüşü keçirilib.
MŞ-dən "Sherg.az"a bildirilib ki, toplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Baş prokurorunun təşəbbüsü ilə intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupu fəaliyyətdədir. Həmin qrupun üzvlərinin media təmsilçiləri ilə təmasları vacibdir.
Bu günkü toplantı da belə bir təmasın yaradılması, mövcud sahədəki problem və çətinlikləri birgə müzakirə etmək və çıxış yolları müəyyənləşdirmək məramından irəli gəlir.
Ə.Amaşov məlumat verib ki, görüşdə Baş Prokurorluqla yanaşı, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə Nazirliklərinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirlər.
“Biz bəzən medianın intihar hallarına geniş yer ayırdığını görürük. İntihar və intiharı doğuran səbəblər mediada necə işıqlandırılmalıdır? İctimaiəyyət bu barədə hansı tərzdə informasiyalar əldə etməlidir? İntiharın ictimai yükü varmı? Necə fəaliyyət göstərilməlidir ki, media materialı intiharı təbliğ edən vasitə təsiri bağışlamasın?
Bu kimi məsələlər son dərəcə vacibdir”, - deyən Ə.Amaşov onu da bildirib ki, intihar mövzusu bəzən müəyyən KİV-lər tərəfindən manipulyasiya predmetinə çevrilir. Belə xoşagəlməz halların qarşısının alınması üçün mövcud sahədə maarifləndirməyə və digər qabaqlayıcı tədbirlərə ehtiyac duyulmaqdadır. Şura sədri mövcud istiqamətdə rəhbərlik etdiyi qurumla sözügedən işçi qrupun səmərəli əməkdaşlıq göstərməsi zərurətinə də toxunub.
MŞ-nin icraçı katibi, intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupun üzvü Şəmsəddin Əliyev çıxışında dünyada intiharlarla bağlı statistika ilə Azərbaycan reallığı arasında paralel aparıb.
O bildirib ki, ölkəmizdə il ərzində 500 intihar hadisəsi baş verib. Bu rəqəm dünya dövlətləri ilə müqayisədə kiçik sayılsa da, narahatlıq üçün əsaslar verir. İntiharı və intihara cəhdi doğuran səbəblər ətrafında söz açmış Ş.Əliyev bu baxımdan alkaqol asılılığını, narkotik maddə aludəçiliyini önə çəkib. O, həmçinin bildirib ki, intihar və intiharı doğuran halların araşdırılması üçün ayrıca elmi-tədqiqat mərkəzinin yaradılması daha faydalı olardı.
Ş.Əliyev onu da vurğulayıb ki, intihar halları birbaşa Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılır və mediaya onunla əlaqədar məlumatın bu dövlət orqanı tərəfindən nəzərdən keçirildikdən sonra verilməsi məqsədəuyğundur.
Toplantıda çıxış edən Baş Prokurorluğun İnstintaqa nəzarət idarəsinin prokuroru Nail Əliyev, Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsilik idarəsinin şöbə rəisi Rüstəm Nəsibov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Mehman Əmirəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin sektor müdiri Həsən Şamilov, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji şöbəsinin eksperti Nilufər İsmayılova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rəhim Rəhimli müzakirə edilən mövzuya dair təmsil olunduqları qurumlar tərəfindən həyata keçirilməkdə olan fəaliyyətin müxtəlif tərəflərinə dair fikirlərini bölüşüblər.
MŞ İdarə Heyətinin üzvləri - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan Bəhluloğlunun, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun, “Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Nəzirə Nurullayevanın, “İki sahil” qəzetinin baş redakor müavini İsmayıl Hacıyevin, “APA Holdinq”ə daxil olan “Lent.az” saytının baş redaktoru Hafiz Heydərovun, “Teleqraf Holdinq”ə daxil olan “Publika.az” saytının baş redaktoru Aqil Lətifovun mövzu ilə bağlı fikirlərini ifadə etdikləri toplantı qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Görüşdə əlaqədar dövlət qurumlarının intiharlarla bağlı iş prinsipləri barədə suallar cavablandırılıb, eyni zamanda KİV-lərin mövzu ilə əlaqədar fəaliyyətindəki spesifika nəzərdən keçirilib, perspektiv əməkdaşlıq məsələlərinə toxunulub.